Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib.


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində mühüm mərhələ başa çatıb. AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanmış kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib. Təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. Bu, ölkəmizdə milli musiqi alətləri üzrə ilk sistemli standartlaşdırma layihəsi olmaqla, qeyri-maddi mədəni irsin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm nailiyyət hesab olunur.

Milli musiqi alətlərinin vahid standartlarının hazırlanması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə 2023-cü ildə AZSTAND-44 Texniki Komitəsi yaradılıb. Komitənin fəaliyyətini tənzimləyən ikiillik Tədbirlər Planı 2024-cü ildə təsdiq olunub və hazırda plana uyğun olaraq milli standartların hazırlanması prosesi ardıcıl şəkildə davam etdirilir.

Kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanmış standart layihələri cari ilin əvvəlində Texniki Komitənin üzvlərinə təqdim olunub, layihələrə dair mütəxəssis rəyləri toplanaraq ümumiləşdirilib və hazırlanmış alət nümunələrinin ekspert qiymətləndirilməsinin keçirilməsi qərara alınıb.

2026-cı il 26 may və 25 iyun tarixlərində Azərbaycan Milli Konservatoriyasında keçirilən ekspertiza iclaslarında komitə üzvləri hazırlanmış kamança nümunələrinin layihə standartlarına uyğunluğunu qiymətləndiriblər. Aparılmış ekspertiza və səsvermənin nəticələrinə əsasən alətlərin müəyyən edilmiş texniki parametrlərə tam uyğun olduğu təsdiq edilib.

29 iyun 2026-cı il tarixində AZSTAND-44 Texniki Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvlərinin iştirakı ilə keçirilən iclasda kamança ailəsi üzrə hazırlanmış milli standart layihələri rəsmi səsvermə yolu ilə qəbul olunub. Bununla da Azərbaycanda milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində ilk hüquqi-normativ baza formalaşdırılıb.

Standart layihələri Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Alətləri Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzərində ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb. Bu metodologiya hazırlanmış standartların həm elmi əsaslılığını, həm də praktik tətbiq imkanlarını təmin edir.

Qeyd edək ki, kamança Azərbaycan musiqi mədəniyyətinin ən qədim və dəyərli simvollarından biridir. Alət UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və Azərbaycanın zəngin musiqi ənənələrinin dünyada tanınmasında mühüm rol oynayır.

Milli standartların qəbul edilməsi kamança istehsalında vahid keyfiyyət meyarlarının formalaşdırılmasına, ustaların fəaliyyətinin dəstəklənməsinə, peşəkar ifaçılıq mühitinin inkişafına, musiqi təhsilində vahid yanaşmanın tətbiqinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək.

AZSTAND-44 Texniki Komitəsinin fəaliyyəti çərçivəsində gələcək mərhələdə digər milli xalq çalğı alətləri üzrə də standartların hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən işlər Azərbaycanın zəngin musiqi irsinin qorunmasına, elmi əsaslarla inkişaf etdirilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.

#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət