Bəhruz Kəngərli Muzeyində “Mədəni irsin qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda növbəti seminar-treninq keçirilib
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədova açaraq muzeylərin mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Daha sonra Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanda muzey işinin tarixi inkişaf mərhələlərindən bəhs edərək XIX əsrin ikinci yarısından başlayaraq ölkədə muzeylərin formalaşdığını, 1896-cı ildə Nehrəm kənd məktəbində yaradılan tarix-diyarşünaslıq muzeyinin bu sahədə ilkin nümunələrdən olduğunu qeyd edib.
Səbinə Əlincəli 1919-cu ildə əsası qoyulan və sonradan Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərən, hazırda isə Milli Azərbaycan Tarixi Muzeyi adlanan mədəniyyət müəssisəsinin ölkə muzeyçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, həmçinin XX əsrin 70-ci illərindən etibarən muzey şəbəkəsinin genişləndiyini, xüsusilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında müxtəlif tipli muzeylərinin yaradıldığını diqqətə çatdırıb.
Çıxışda hazırda ölkədə 240-dan çox muzeyin fəaliyyət göstərdiyi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də muzeylərin bərpası istiqamətində işlərin aparıldığı qeyd olunub. Həmçinin Şuşada Milli Xalça Muzeyinin filialının uzun fasilədən sonra yenidən fəaliyyətə başlaması mühüm mədəni hadisə kimi qiymətləndirilib.
Məruzəçi muzeylərin yalnız eksponatların qorunduğu məkan deyil, həm də maarifləndirici və elmi mərkəzlər olduğunu bildirib. O qeyd edib ki, muzeylər xalqın tarixini, mədəniyyətini və milli kimliyini yaşadan mühüm institutlardır.
Sonra tədbir iştirakçılarının mövzu ilə sualları cavablandırılıb və muzeyin ekispozisiyasına baxış olub.