Bəhruz Kəngərli Muzeyinin yaradılmasından 24 il ötür
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq, muzeylərin iş prinsipindən, missiyasından ətraflı bəhs etmişdir. Qeyd olunub ki, muzeylər ictimaiyyətin mədəni inkişafına təsir göstərməklə yanaşı mənəvi tərbiyəsinə də öz töhfəsini verir. Eyni zamanda, muzeylərin maarifləndirmə xüsusiyyəti də mədəniyyətin inkişafına, mədəni irsin qorunmasına xidmət edir. Bu mədəniyyət ocaqlarında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi, açıq və distant dərslərin keçirilməsi, sərgilərin təşkil olunması məhz bu prosesin ayrılmaz tərkib hissəsidir.
Vurğulanıb ki, ölkəmizdə muzey işinin təşəkkülü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən Azərbaycanda muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış və 100-dən artıq muzey yaradılmışdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dönəmlərində ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, xatirə və ev muzeyləri təşkil edilmişdir. Muzeyin direktoru bildirib ki, Bəhruz Kəngərli Muzeyi Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan muzeylərdəndir.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun dosenti, sənətşünas Nizami Alıyev “Bəhruz bəy Kəngərli irsinin tədqiqi” mövzusunda çıxış etmiş və Bəhruz bəy Kəngərlinin “Elçilik” adlı əsərinin fotoşəklini muzeyə təqdim etmişdir. Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev “Xatirə, memorial və ev muzeylərində muzey işinin təşkili”, Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizi-elmi işçisi Zümrüd Əhmədova “Bəhruz Kəngərli Muzeyinin fəaliyyəti” mövzularında çıxış etmişlər.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.