
Oktyabrın 7-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında pedaqoq, bəstəkar və yazıçı Sevinc Məmmədovanın “Qranit qayada açılan cığır: Heydər Əliyevin Naxçıvana qayıdışı – Nicat səhifəsi” və “Qərbi Azərbaycan Zəngibasar: Zəfərə gedən ömür yolu” adlı kitablarının təqdimatı keçirilib.
Tədbiri kitabxananın direktoru Tamella Əsgərova açaraq bildirib ki, hər iki nəşr tariximizin mühüm dövrlərinə işıq salır.
Təqdimatda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş sektorunun aparıcı məsləhətçisi İmamqulu Əhmədov, tarix elmləri doktoru, professor, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Xəzər Hüseynov, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Yaşar Xəlilov və kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Səfərova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müəllif “Qranit qayada açılan cığır: Heydər Əliyevin Naxçıvana qayıdışı – Nicat səhifəsi” kitabında xalqımızın ən gərgin sınaq dövrlərindən birini və Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlayan qurtuluş missiyasını bədii-publisistik dillə təqdim edir.
“Qərbi Azərbaycan Zəngibasar: Zəfərə gedən ömür yolu” kitabının isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına dəyərli töhfə olduğu vurğulanıb. Bildirilib ki, müəllif tarixi faktları, şahidlərin xatirələrini və sənədləri sistemləşdirərək xalqımızın yaşadığı faciələri və göstərdiyi müqaviməti diqqətə çatdırıb. Kitabda Zəngibasarın saz və söz mühiti, eləcə də musiqi folkloru geniş əks olunub.
Digər çıxış edənlər də nəşrlər haqqında fikirlərini bölüşərək müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.
Sevinc Məmmədova kitabların ərsəyə gəlməsi və yazılma prosesi barədə məlumat verərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda Sevinc Məmmədovanın bəstələdiyi musiqi əsərləri səsləndirilib və kitablar iştirakçılara təqdim olunub.