Avqustun 23-də Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında olub. Görüş zamanı 140 illik Naxçıvan Teatrının yaradıcılıq yolu və imkanları ilə tanış olan Baş konsul Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.
Teatrın direktoru Xalq artisti Rza Xudiyev Naxçıvan Teatrının son illərdə gördüyü işlərdən, hazırlanan tamaşalardan danışıb. Qeyd edib ki, bu ilin iyul və avqust aylarında Naxçıvan Teatrı Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” tamaşası ilə Türkiyənin Sardes, İzmir, Foça şəhərlərinə etdiyi qastrol səfəri və teatrın direktor müavini, aktyor, rejissor Səməd Canbaxşiyevin avqustun 11-14-də Foça şəhərində keçirilən “II-ci Beynəlxlaq Meddah və Masal fesitavalı”na olan yaradıcılıq turu uğurla başa çatıb. Teatrın direktoru bu səfərdə kollektivə göstərdiyi dəstəyə görə Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna və sponsorlara təşəkkür edib.
Baş konsul qastrol səfərinin əhəmiyyətindən danışıb, gələcəkdə ikitərəfli mədəni əlaqələrin daha da genişləndiriləcəyini qeyd edib. Bildirib ki, bu cür əlaqələr həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik, həm Türkiyə Cumhuriyyətinin yaranmasının 100 illik , həm də Naxçıvan Teatrının 140 illik yubileylərinə ən yaxşı mədəni töhfədir. Bu cür tədbirlər gələcəkdə Naxçıvan üzərindən reallaşacaq Zəngəzur dəhlizinin açılışından sonra Türk dünyasının mədəni əlaqələrinin də güclənməsinə böyük təsir göstərəcək.
Görüş zamanı, həmçinin gələcəkdə Naxçıvan Teatrının Türkiyənin yaxın bölgələrinə qastrol səfərlərinin təşkili, eyni zamanda Türkiyədən olan sənətkarların, teatr kollektivlərinin Naxçıvana dəvət olunmasının vacibliyi vurğulanıb.
Görüşün sonunda teatrın kollektivi adından Baş konsul Asip Kayanın rəssam Anar Əlizadə tərəfindən çəkilmiş portreti qonağa hədiyyə edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
23.08.2023