Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlara baxış keçirilib


Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan tədqiqat işlərinə baxış keçirilib.
Baxışda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bölmə əməkdaşları və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Pərvin Həsənov iştirak edib.
Qeyd edək ki, Bülövqaya yaşayış yerində tədqiqat işləri AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Bülövqaya arxeoloji ekspedisiyası tərəfindən aparılır.
Baxış zamanı ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev Bülövqaya yaşayış yeri və orada aparılan qazıntılar barədə ətraflı məlumat verib. Professor bildirib ki, Sarısu çayının sol sahilində, strateji cəhətdən əlverişli mövqedə yerləşən bu məskən Erkən Eneolit dövrünün (eramızdan əvvəl VI-V minillik) regional xüsusiyyətlərini öyrənmək üçün unikal abidədir. Yaşayış yeri Naxçıvanın qədim tarixinin, köçmə maldarlıqla məşğul olan tayfaların mədəniyyətinin və regionun Yaxın Şərqlə, xüsusilə Urmiya hövzəsi və Şimali Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələrinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət daşıyır.
Aparılan tədqiqatlar göstərir ki, Bülövqaya yaşayış yerinin mədəni təbəqəsi relyefə uyğun olaraq fərqli qalınlıqda toplanmışdır. Evlər yarımqazma tipli olub yüngül konstruksiyalı, dördkünc formalıdır və təsərrüfat həyətlərinin ətrafında salınıb. Arxeoloji qazıntılar zamanı buradan Erkən Eneolit dövrü üçün xarakterik saman qarışıqlı və boyalı keramika nümunələri, dəvəgözü (obsidian) və çaxmaqdaşından hazırlanan əmək alətləri, eləcə də sümük alətlər aşkarlanıb. Bu tapıntılar Naxçıvanın Cənubi Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir.
Akademik İsmayıl Hacıyev ərazidə aparılan tədqiqat işlərinin gedişatını yüksək qiymətləndirib. Vurğulanıb ki, bu cür arxeoloji qazıntılar bölgənin qədim dövr tarixinə işıq salmaqla yanaşı, Azərbaycanın zəngin maddi-mədəni irsinin beynəlxalq miqyasda tanıdılması üçün mühüm rol oynayır.
Sonda abidənin gələcək tədqiqat perspektivləri müzakirə olunub və bu istiqamətində müvafiq tapşırıqlar verilib.