Cəlil Məmmədquluzadə anadan olmasının 157 illiyində yad olunub
Bu münasibətlə ədibin Naxçıvan şəhərində yerləşən ev muzeyində tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan muzeyinin direktoru Aytən Ələkbərova bildirib ki, bugün biz böyük mütəfəkkir, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 157-ci ildönümünü qeyd edirik. Cəlil Məmmədquluzadə təkcə yazıçı yox, həm də cəmiyyətin aynası rolunu oynayan fikir adamı idi. Onun satira ilə verdiyi mesajlar bugünkü cəmiyyətimiz üçün də aktuallığını qoruyur və bizə göstərir ki, söz gücü ilə cəmiyyəti dəyişmək mümkündür. Bizlər isə bu irsi qoruyaraq gələcək nəsillərə çatdırmalıyıq.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu "Hüşyar dostlar: Eynəli bəy Sultanov və Cəlil Məmmədquluzadə", Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə Muzeyinin direktoru Gülnarə Sadiqova "Cəlil Məmmədquluzadə yaradıcılığında dil məsələsi", Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülü Mehdiqızı "Cəlil Məmmədquluzadənin orta məktəblərdə tədrisi" mövzularında çıxış ediblər.
Tədbirin davamında 8 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri arasında kiçik esse müsabiqəsi keçirilərək həvəsləndirici mükafatlandırma mərasimi keçirilib.
Sonda tanınmış rəssam, Tərəqqi medalı mükafatçısı Qəhrəman Tağıyev çəkdiyi "Cəlil Məmmədquluzadə" portretini muzeyə hədiyyə etmiş və muzeydə nümayiş olunan "Cəlil Məmmədquluzadə 157" başlıqlı sərgiyə baxış olmuşdur.