
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Aytən Ələkbərova bildirib ki, bu gün biz həm Cəlil Məmmədquluzadənin Ev Muzeyinin 28 illik fəaliyyət yoluna nəzər salır, həm də ölkəmizdə qeyd olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixi-mədəni irsimizin qorunmasının əhəmiyyətini bir daha vurğulayırıq. 28 il ərzində muzeyimiz yalnız bir xatirə məkanı deyil, həm də milli yaddaşımızın qoruyucusu olmuşdur. İnanırıq ki, tariximizə, mədəniyyətimizə və memarlıq irsimizə göstərilən diqqət gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı yetişməsinə xidmət edəcəkdir.
Tədbirin davamında "Naxçıvanqala" Tarix -Memarlıq Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova "Tarix, memarlıq və mədəniyyət vəhdəti", Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli "Mədəni irsin qorunmasında incəsənətin rolu", Xatirə Muzeyinin direktoru Aytən Qasımova "Tarixi yaddaş və muzey ənənələri" mövzusunda çıxışlar edib, muzeyin əməkdaşı Aygün Musayeva "Mirzə Cəlil və şəhər mədəniyyəti" mövzusunda esse oxuyub.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.