
Qədim Naxçıvanın əsrlərə meydan oxuyan memarlıq incisi — Möminə Xatun Türbəsinin yerləşdiyi Əcəmi seyrəngahı növbəti dəfə yaddaqalan mədəniyyət hadisəsinə şahidlik edib. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun Türbəsi və Açıq Səma Altında Muzey Kompleksinin qarşısında təqdim olunan kolleksiyada Əcəmi Naxçıvani yaradıcılığından, Möminə Xatun Türbəsinin tarixi ornamentləri və simvolikasından ilhamlanaraq hazırlanan kəlağayı kompozisiyaları da yer alıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirdə qeyd olunub ki, “Yeləni” kolleksiyası təkcə moda və ya dekorativ sənət nümunəsi deyil, daş yaddaşın ipək üzərində yenidən canlandırılması, milli memarlıq irsinin müasir sənət dili ilə ifadəsidir. Kolleksiyada yer alan kompozisiyalardan birində Möminə Xatun Türbəsinin ornamentləri, həndəsi kompozisiyaları və Əcəmi memarlıq məktəbinin estetik fəlsəfəsi xüsusi sənət həlli ilə əks olunub. Bu kolleksiya keçmişlə gələcək arasında görünməz körpü yaradır, milli ruhu və mədəni yaddaşı yenidən yaşadır.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Xanım İbrahimova çıxış edərək milli-mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, belə yaradıcı təşəbbüslərin qədim sənət ənənələrinin yaşadılmasına xidmət etdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması, həmçinin böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi təqdimata xüsusi rəmzi məna qazandırır. Möminə Xatun Türbəsində aparılan bərpa və konservasiya işlərinin də milli memarlıq irsinin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi olduğu vurğulanıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva çıxışında bildirib ki, “Yeləni” kolleksiyası milli ornamentlərin və memarlıq irsinin çağdaş sənət dili ilə təqdimatının uğurlu nümunəsidir.
Daha sonra alqışlarla “Yeləni” kəlağayı kolleksiyası nümayiş etdirilib. Təqdim olunan nümunələrdə qədim ornamentlərin müasir estetik baxışla vəhdəti, ipəyin zərifliyi ilə memarlıq motivlərinin harmoniyası xüsusi maraq doğurub.Tədbirin ən duyğulu anlarından biri isə “Yeləni”nin sənət xəttini davam etdirən “Səma” adlı kompozisiyanın təqdimatı olub. Balaca Səmanın çıxışı ilə təqdim olunan kompozisiya göy üzünün rənglərini, ulduzların zərif parlaqlığını və sonsuz maviliyin poetik ruhunu özündə birləşdirərək tədbirə fərqli estetik ovqat bəxş edib. Möminə Xatun ornamentləri əsasında hazırlanan kəlağayı ilə yanaşı, “Natəvan”, “Sara Xatun”, “Həcər”, “Xalça”, “İrəvan”, “Qobustan”, “Daş Buta”, “Sünbül Buta”, “Nar” və ilk dəfə Naxçıvanda təqdim olunan “Turan” kompozisiyaları da böyük maraq doğurub.
“Yeləni” kəlağayılarının təsisçisi və yeni kolleksiyanın müəllifi Nigar Həziyeva kolleksiyanın təqdimatının təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
