Ölkə başçısı cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair təsdiq edilən Dövlət Proqramı”nda da Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsinin ön planda dayanması göstərilən qayğının əyani ifadəsidir. Belə ki, Dövlət Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət teatr və konsert müəssisələrinə, uşaq musiqi məktəblərinə, yaradıcı kollektivlərə həmçinin Nazirliyin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri müxtəlif növ musiqi alətləri (fortepiano, kislofon, violençel, bas gitara, udarnik, litavra və not pultu) ilə təmin edilmişdir. Nəticədə Nazirliyin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iş şəraiti yaxşılaşdırılmış, şagirdlərin yeni və keyfiyyətli alətlərlə təhsil almasına hərtərəfli şərait yaradılmışdır.
Həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziriliyinin tabeliyindəki mədəniyyət müəssisələrinə işıq və səs avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması ilə bağlı keçirilmiş satınalmaya uyğun olaraq rayon mədəniyyət idarə və şöbələrin tabeliyindəki müəssisələrin işıq və səs avadanlıqları ilə təminatı yaxşılaşdırılmışdır.
Bundan başqa, Naxçıvan Dövlət Filarmoniyası da yüksək dövlət qayğısı ilə əhatə edilib. Belə ki, Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Estrada Orkestri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivi, Simfonik orkestri, Vokalistlər, Yallı, Rəqs qruplarının geyim dəstlərinin yenilənməsi üçün mühüm addımlar atılmışdır. Məlumat üçün deyək ki, yeni geyimlərin hazırlanması üçün aidiyyəti üzrə işlər aparılır. Yaxın zamanlarda geyim dəstlərinin kollektivin istifadəsinə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Nazirliyin tabeliyində olan dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq işlər həyata keçirilir.