
Prezident İlham Əliyevin 2024-cü il 21 fevral tarixdə imzaladığı “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncamın icrası davam etdirilir. Həmin Sərəncama uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli Qərarı ilə qoruğun sərhədləri, mühafizə zonası və ərazinin xüsusi rejimi təsdiqlənib. Qoruq ərazisində biri dünya, biri ölkə, 218-i isə yerli əhəmiyyətli olmaqla, ümumilikdə, 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur. Sərəncamdan irəli gələn vəzifələrə əsasən tarix-mədəniyyət abidələrinin bərpa-konservasiya işləri davam etdirilir. Görülən işlərlə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli məlumat verib: “Qoruğun inzibati binası üçün nəzərdə tutulan “Ərbabın iş yeri” tarixi binasının və Sərşəhər meydanında yerləşən Sərşəhər məscidinin bərpası ilə bağlı layihələndirmə işləri artıq aparılıb. Ötən aylarda isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpa işlərinə başlanılıb. Hazırda ərazidə tikinti-bərpa işləri davam etdirilir, abidənin dam örtüyü yenilənir”.