Xəbər verdiyimiz kimi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət nazirinin müavini Həsən Seyidov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və memar Ferhat Keten muxtar respublika ərazisində yerləşən tarixi və memarlıq abidələrinə baxış keçirirlər.
Səfər çərçivəsində mütəxəssislər bu gün Culfa və Ordubad rayonlarında olublar. Əvvəlcə Culfa rayonunda yerləşən Gülüstan Türbəsi, sonra Ordubad rayonunun ərazisində yerləşən Xarabagilan arxeoloji abidəsi, Came məscidi, Ordubad mədrəsəsi, Sərşəhər məhəlləsi və məscidi, həmçinin Ordubad hamamı ilə tanış olub, abidələrin bərpası ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Dövlət Proqramının icrası ilə bağlı Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
23.12.2023