Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Gününə həsr olunan dərsdə iştirak edib. 9 A sinfinin şagirdləri Fuad Nəcəflinin 27 Sentyabr - Anım Günü ilə bağlı suallarını cavablandırıblar. Azərbaycanın dövlətçilik tarixindən və Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründən söhbət açan səlahiyyətli nümayəndə bildirib ki, Sovet ittifaqında rəhbər vəzifələrdə çalışan Ümummilli Lider öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarıb, hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutub. Ulu Öndər gənclərə xüsusi diqqət göstərirdi. Respublikaya rəhbərlik etdiyi dövrlərdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alır, müasir ixtisaslara yiyələnirdilər.
Ümummilli Liderin Naxçıvana qayıtmasından danışan Fuad Nəcəfli xalq tərəfindən Ulu Öndərin böyük coşğu ilə qarşılanmasından bəhs edib. Vurğulayıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda da vəziyyət çox ağır idi. Xalq erməni təcavüzünə məruz qalaraq blokada şəraitində yaşayırdı və ermənilərin blokadaya aldığı Naxçıvan məhz Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində işğaldan və digər təhlükələrdən qorundu.
Azərbaycanın humanist dövlət olduğunu vurğulayan Fuad Nəcəfli qeyd edib ki, dövlətimiz bu illər ərzində Ermənistanla əlaqələrin qurulmasının, torpaqlarımızın sülh yolu ilə qaytarılmasının tərəfdarı olub. Lakin Ermənistan heç vaxt öz təcavüzkar ideologiyasından əl çəkməyib, hətta yeni ərazi iddiaları ilə çıxış edib. Ermənistanın 2020-ci ilin iyul ayında Azərbaycan Respublikasının dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar və ondan sonrakı təxribatlar Azərbaycanın əks-hücum əməliyyatlarına başlaması ilə nəticələndi. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şanlı ordumuz böyük zəfərə imza atdı, torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsi ilə ordumuz Ermənistan ordusunun məğlubedilməzlik mifini məhv etdi.
Həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan uğurlu lokal antiterror tədbirləri sayəsində suverenliyimizin bərpa olunmasından bəhs edən səlahiyyətli nümayəndə vurğulayıb ki, biz bu uğurları şəhidlərimizə və qazilərimizə borcluyuq. Onlar bizim qürur mənbəyimizdir.
“Siz olduqca şanlı bir dövr yaşayırsınız. Sizin gəncliyiniz elə bir dövrə təsadüf edir ki, bu dövr Azərbaycanın yeni yüksəliş dövrüdür. Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Artıq qarşımızda əvvəllər yaranan maneələr yoxdur. Bundan sonra daha da inkişaf etməli, elmdə, iqtisadiyyatda, sosial həyatda tərəqqiyə yol açacaq addımlar atmalıyıq. Bu vəzifə də sizin üzərinizə düşür. Çalışın ki, şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayasınız və unutdurmayasınız”,- deyə Fuad Nəcəfli qeyd edib.
Səlahiyyətli nümayəndə müəllim və şagirdlərə uğurlar arzulayıb.