“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Qumral Əsədova ictimaiyyətə açıqlama verib, media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd olunub ki, 11 iyul 2025-cdi il tarixdə UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Naxçıvan MR Nazirlər Kabinetinin 5 may 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılmışdır. Kiçik Qafqazın Zəngəzur sıra dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarında Qaranquş yaylağı, Qapıcıq zirvəsi, Nəbiyurdu və Camışölən yurdlarını əhatə edən 40,42 hektar ərazini əhatə edir. Burada 2000-dən çox daş üzərində 7000-dən çox qayaüstü təsvir öyrənilib.
Uzun illər tarixin sirlərini özündə gizlədən Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanıb. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunub. Burada 2000-dən çox daş üzərində 7000-dən çox qayaüstü təsvir öyrənilib.
Ordubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşən Gəmiqayada daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Gamışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb.
Bildirilib ki, Göygöl Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdədir. Sahəsi 1,5 hektar, dərinliyi 6.5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən təqribən 3000-3500 m yüksəklikdə dağ ətəyində yerləşir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211 metr, eni 103 metr, ən dərin yeri isə 7 metrdir.
Vurğulanıb ki, Gəmiqaya özünün adı, ecazkar gözəlliyi, uzaq qərinələrdən bəri, minillər boyu haqqında söylənilən mifləri, yalçın qayalı yamaclarında qoruyub saxladığı zəngin tarixi abidələri, “yazılı” daş salnamələri ilə bizi Azərbaycan xalqının milli mənəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olmuşdur. Buna görə də "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır.
UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən az bir il öncədən ilkin siyahıya salınması tələb olunur. Bundan sonrakı mərhələdə Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək.