Sentyabrın 1-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri ilə görüş təşkil edilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının sədri Elvin Əhmədov vurğulayıb ki, Azərbaycan gəncliyinin inkişafı, cəmiyyətin bütün sahələrində diqqətçəkən fəaliyyətə başlaması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə aparılan sağlam,vətənpərvər gənclik yetişdirmək missiyasının nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük. “Dəmir yumruq” ətrafında sıx birləşən Azərbaycan gəncliyi tarixi qəhrəmanlıq nümayiş etdirib, şanlı zəfərə imza atdı.
Sonra Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin tabeliyində olan 3 №-li Mədəniyyət Evinin əməkdaşı, Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Gənclər Birliklərinin sədri Jalə İbrahimova gənclər təşkilatının fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib, gəncləri reallaşan layihələrdə və tədbirlərdə fəal olmağa səsləyib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatı Nazirlik nəzdində fəaliyyət göstərən, mədəniyyət, incəsənət və təhsil müəssisələrində çalışan və təhsil alan gəncləri birləşdirən, ictimai əsaslarla fəaliyyət göstərən qurumdur. 2015-ci ildən fəaliyyət göstərən Təşkilat 500-dən çox gənci öz ətrafında birləşdirməyi bacarıb. Gənclər Təşkilatı olaraq bizim məqsədimiz gənclərin asudə vaxtını səmərəli təşkil etmək, mədəniyyətimizi və mədəni irsimizi gənclərə aşılamaq, təbliğ etmək, onun yaşadılmasını, gələcək nəsillərə çatdırılmasını təmin etməkdir. Mütəmadi olaraq gənclər arasında musiqili və maarifləndirici tədbirlər, intellektual bilik yarışları, film nümayişləri, ekskursiya və turlar təşkil olunur.
Sonra Naxçıvan Şəhər 3 №-li Mədəniyyət Evinin metodisti, Naxçıvan Dövlət Uşaq Teatrının həvəskar aktrisası Aysu Babayevanın çıxışı dinlənilib.
Sonda Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının fəaliyyəti ilə bağlı video-çarx nümayiş olunub, gənclərin sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
01.09.2023