Həsən Seyidov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə mədəniyyət sahəsində fəaliyyət göstərən qadınları təbrik edib
Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə mədəniyyət sahəsində fəaliyyət göstərən qadınları səmimi qəlbdən təbrik edib.
Təbrikdə qeyd olunub ki, Azərbaycan qadını tarix boyu öz müdrikliyi, zəhmətkeşliyi və mənəvi gücü ilə cəmiyyətimizin inkişafında mühüm rol oynayıb. Mədəniyyət sahəsində çalışan qadınlar isə milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əvəzsiz xidmətlər göstərirlər.
Bildirilib ki, teatr, muzey, kitabxana, incəsənət məktəbləri və digər mədəniyyət müəssisələrində çalışan qadınların fəaliyyəti mədəni həyatımıza xüsusi töhfə verir. Onların fədakar zəhməti sayəsində milli mədəniyyətimiz daha da inkişaf edir, qədim ənənələrimiz yaşadılır və yeni yaradıcılıq uğurları əldə olunur.
Vurğulanıb ki, mədəniyyət sahəsində çalışan qadınlar yalnız öz peşələri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri, yaradıcılıq potensialı və vətənə bağlılıqları ilə cəmiyyətimiz üçün örnəkdirlər. Onların fəaliyyəti Azərbaycan mədəniyyətinin daha geniş miqyasda tanıdılmasına və təbliğinə mühüm töhfə verir.
Sonda nazir müavini bütün qadınlara möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, onların mədəni həyatımızda xüsusi yer tutduğunu vurğulayıb.