
İyunun 25-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Kəngərli rayonunda vətəndaş qəbulu keçirilib.
Əvvəlcə nazir müavini Həsən Seyidov və Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Kəngərli Rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə nazirliyin struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə sakinlər tərəfindən diqqətə çatdırılan məsələlərə xüsusi yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
