Həsən Seyidov Şahbuzda vətəndaşları qəbul edib
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Şahbuz rayonunda vətəndaş qəbulu keçirilib.
Əvvəlcə nazir müavini Həsən Seyidov və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Şahbuz Rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda 19 vətəndaş iştirak edib.
Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə nazirliyin struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə sakinlər tərəfindən diqqətə çatdırılan məsələlərə xüsusi yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.