Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev dühası əbədiyaşardır” adlı sərginin açılışı olub. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açıb. Qeyd olunub ki, ölkəmizdə mədəniyyət, incəsənət, o cümlədən təsviri sənət də böyük inkişaf yolu keçib. Bu inkişaf milli mədəniyyətimizin böyük hamisi, dahi dövlət xadimi Heydər Əliyevin yaradıcı insanları hərtərəfli qayğı ilə əhatə etməsi sayəsində baş verib. Ümummilli Liderimizin Azərbaycana rəhbərliyi dövründə milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlanmış, bu sahəyə xüsusi dövlət qayğısı göstərilmiş, yaradıcılıq prosesi geniş vüsət almışdır.
Diqqətə çatdırılıb ki, bu gün görkəmli dövlət xadiminin ideyalarına əsaslanaraq Azərbaycanımızı gələcəyə iri addımlarla irəliyə aparan Prezident cənab İlham Əliyev hər zaman yaradıcı insanlara, mədəniyyətə, sənətə və sənətkara qayğı göstərir, bu sahənin inkişaf etməsi üçün diqqətini əsirgəmir.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində mədəniyyət paytaxtımız olan Şuşa və işğal altındakı digər torpaqlarımız qaytarıldı. Gözəl Şuşamız bu gün festivallara, mədəni tədbirlərə ev sahibliyi edir. Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan və burada fəaliyyət göstərən rəssamlar Prezident cənab İlham Əliyevin siyasətini hər zaman dəstəkləyirlər. Bu, bugünkü sərgidə də aydın hiss olunur. Bütün sənət adamlarının arzusu bərpa olunmuş Zəngəzur dəhlizi ilə əsas torpaqlarımıza, köhnə ənənələri bərpa edərək plenerlərlə getməkdir.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini-aparatın rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxışında diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana hər iki tarixi formasiyada rəhbərlik etmiş, Azərbaycanın siyasi tarixində, mədəniyyətində, incəsənətində dəyərli izlərini qoymuş fenomenal şəxsiyyətdir. Ümummilli Liderin zəngin siyasi irsinə nəzər salsaq, incəsənət, mədəniyyət və başqa sahələrdə Azərbaycan ziyalılarının hazırlanmasında böyük rolu olduğunu aydın görərik. Məhz buna görədir ki, Ümummilli Liderin irsi əbədi yaşayır. Dahi rəhbəri görmək səadəti nəsib olmayan yeni nəsil gənclər belə bir irsə ideal örnək kimi yeni bir baxış bucağından baxa bilirlər. Bu sərgidə bunun bir daha şahidi olduq.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Ulu Öndər dövlətçilik sahəsində əvəzedilməz bir irs qoyub. Görkəmli dövlət xadimi həm də Azərbaycan mədəniyyətinin dünya arenasına çatdırılacaq səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Dahi şəxsiyyətin mədəniyyət sahəsinə açdığı yol Azərbaycan mədəniyyətinin bugünkü yüksək inkişafına töhfədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin fəaliyyətinin parlaq davamçısıdır. Onun mədəniyyətimizə göstərdiyi qayğı, diqqət məhz Heydər Əliyev siyasətinə sədaqət nümunəsidir.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya vurğulayıb ki, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz görkəmli siyasi xadim Heydər Əliyev Türk dünyasının yetişdirdiyi ən önəmli liderlərdən biridir. Böyük liderlərin xüsusiyyətlərindən biri millətləri çətinə düşdükdə xalqını öz ətrafında birləşdirərək gələcəyə doğru qələbələr qazanmaqdır. Bu böyük şəxsiyyəti türk xalqına sevdirən ən önəmli xüsusiyyətlərindən biri də Türkiyə sevgisi, Türkiyə xalqına bəslədiyi dərin məhəbbətdir. Bu gün həm Ulu Öndər Heydər Əliyevin, həm də böyük lider Mustafa Kamal Atatürkün ortaya qoyduğu dəyərlər çərçivəsində Türkiyə və Azərbaycan qardaşlığı, dostluğu hər keçən gün daha da artmaqdadır, daha da güclənməkdədir. Bunun bariz nümunəsi 44 günlük Vətən müharibəsində və Türkiyədə baş verən dəhşətli təbii fəlakət zamanı gördük. Türkiyə ilə Azərbaycan bir-birinin yanında oldu, hər zaman birlikdə olacaq.
Tədbirdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyinin qarşısında xidmətləri əvəzsizdir. Ulu Öndər Azərbaycan xalqı və dövlətçiliyi qarşısında böyük xidmətlər göstərmişdir. Ümummilli Liderin 40-cı illərdə memar olmaq arzusu reallığa çevrilməsə də, o, müstəqil Azərbaycan dövlətinin memarı olub. Bu gün dahi şəxsiyyətin 100 illiyi şərəfinə təşkil olunmuş bu sərgidə Ulu Öndərin arzuları, onun Azərbaycan haqqında düşüncələri yaşayır.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev dühası əbədiyaşardır” adlı rəsm sərgisində 20 rəssamın 60 əsəri nümayiş olunub. Əsərlər portret, heykəltəraşlıq, rəngkarlıq, qrafika janrlarında hazırlanıb.Sərgi bir həftə davam edəcək.