Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında “Unudulmaz lider 100” adlı foto-xalça sərgisi və “Xilaskar” tamaşasının nümayişi keçirilib. Mədəniyyət, ictimaiyyət, yaradıcılıq birliklərinin nümayəndələrinin, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələrinin qatıldığı tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Həsən Seyidov Ulu öndərin 100 illik yubileyinin ölkəmizdə böyük qürur və bayram əhval-ruhiyyəsində qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən ilin son həftəsi “Heydər Əliyev həftəsi” elan olunub. Həftə çərçivəsində Ulu öndərin mədəniyyətimiz qarşısındakı müstəsna xidmətlərinə həsr olunmuş silsilə tədbirlər gerçəkləşir.
“Unudulmaz lider 100” adlı foto-xalça sərgisinin məqsəd və əhəmiyyətindən danışan “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov vurğulayıb ki, sərgidə Ümummilli liderə məxsus xüsusi fotoların əks olunduğu 44 xalça nümayiş olunur.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev “Heydər Əliyev İli”nin ölkəmizə çox düşərli olduğundan bəhs edib. Tədbirin Ulu öndərin zəngin irsinin təbliği baxımından olduqca əhəmiyyətli olduğunu bildirib.
Sonra tədbirin iştirakçıları yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıblar.
“Xilaskar” tamaşası 30 il əvvəl Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin, qurtuluşa aparan yolda xalqımızın yaşadığı tarixi gerçəkliyin, Ümummilli liderin xilaskarlıq missiyasının səhnə həllidir. Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərininin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Səhnə əsərində xalq artistləri - Rza Xudiyev, Həsən Ağasoy, əməkdar artistlər - Əbülfəz İmanov, Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Nazlı Hüseyinquliyeva, Səməd Canbaxşiyev, Günay Qurbanova və digər aktyorlar rol alıb.