2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və bir sıra xarici ölkələrdə yüksək səviyyədə qeyd edilir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
Ümummilli Lider Heydər Əliyev ölkəmizin çoxəsrlik dövlətçilik ənənələrinin əsasında yetişib formalaşmış görkəmli dövlət xadimlərindəndir. Azərbaycan tarixinə müstəqillik kimi parlaq və tarixi bir səhifə yazmış Xalq Cümhuriyyəti rəhbərlərinin Azərbaycan idealı Heydər Əliyevin dövlətçilik təliminin əsas mahiyyəti və hədəflərini təşkil etmişdir.
Ulu Öndər Heydər Əliyev iki tarixi dövrdə – həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etmişdir. O, sovet hakimiyyəti illərində kommunist imperiyasının daxilindən çökməkdə olduğunu hamıdan daha çox hiss etdiyi üçün xalqını gələcək dövlət müstəqilliyinə hazırlamaq missiyasını qabaqcadan böyük bacarıqla həyata keçirmişdir. XX əsr sovet rəhbərlərinin əsas idealı mövcud sistemi qorumaqdan ibarət idi. Ulu Öndər Heydər Əliyev isə cəmiyyəti yeniləşdirməklə inkişaf etdirmək vəzifəsini həyata keçirmişdir. Onun fəaliyyəti mövcud sistem daxilində dəyişiklik uğrunda apardığı mübarizə müstəqillik idealına xidmətə doğru yönəlmişdir. Bu mənada, dahi şəxsiyyət Heydər Əliyev müstəqil dövlətçilik ideyasının banisidir. O, milli istiqlal konsepsiyasına əsaslanmaqla dövlət müstəqilliyi uğrunda mübarizə aparmışdır. Bu dahi şəxsiyyət sovetlər dövründə formalaşdırdığı milli istiqlal idealını həm də qətiyyətlə ideyadan real həyata keçirmək vəzifəsini də gerçəkləşdirmişdir. Görkəmli dövlət xadimi Sovet dövlətinin mövcud olduğu dövrdə, 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında sovet bayrağı yerində öz ölkəsinin milli dövlətçilik rəmzi olan üçrəngli bayrağını ucaltmağa nail olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin irsində, dövlətçilik təlimində müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər mühüm yer tutur. Ümummilli Liderin dövlətçilik düşüncəsinin əsasını müstəqillik ideyası təşkil edir. O, müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünüdərkinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmlə mübarizə aparırdı. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ideyasını məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub-yaratmağı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqın siyasi varlığı ilə, dövlətlə, dövlətçiliklə o dərəcədə sıx surətdə bağlı idi ki, onun ideyaları, irsi ictimai-iqtisadi həyatın, dövlət quruculuğunun bütün sahələrinə dərindən nüfuz etmişdi.
Ümummilli Lider Heydər Əliyevin həm nəzəri, həm də praktik ideyaları bu gün və sabah üçün də aktualdır və bir sıra əməli fəaliyyət sahələrində tətbiq olunmaqdadır.
Ulu Öndər Heydər Əliyev, sözün hər mənasında, böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Onun ideyalarının və əməllərinin yaşanmasına heç kim şübhə etmir, bu ideyalar nə qədər yaşayacaqsa, ölkəmiz və xalqımız da bir o qədər irəli gedəcəkdir.
Heydər Əliyev ideyaları həmişə konkret ictimai-siyasi şəraitlə sıx surətdə bağlı olmuşdur. Onun Azərbaycanda dövlət quruculuğuna başladığı şərait isə qısaca desək, “keçid dövrü” kimi səciyyələndirilə bilər.
Dahi şəxsiyyət Heydər Əliyevin irəli sürdüyü və bir konsepsiya halına saldığı ideyalardan biri məhz “müstəqillik” anlayışı ilə bağlıdır. Bu konsepsiyaya görə, müstəqillik, heç də bəzilərinin başa düşdüyü kimi, ancaq siyasi müstəqillikdən, sərhədlərin toxunulmazlığından ibarət deyil. Bura həm də iqtisadi müstəqillik, milli maraqlara xidmət etmək müstəqilliyi daxildir.
Dahi siyasətçi Heydər Əliyev, sadəcə, fəhmə və təcrübəyə əsaslanmış, bir sıra fundamental məsələlərlə bağlı fəaliyyətin metodologiyasını da işləyib hazırlamışdır. Məsələn, demokratikləşdirmə və təşkilatlanma proseslərinin nisbətində tarazlığın vacibliyi prinsipini irəli sürmüş və Azərbaycanda dövlət quruculuğu prosesində bu tarazlığın pozulmasına heç vaxt yol verməmişdir. Azərbaycanda dövlət müstəqilliyini və onun qorunub-saxlanılmasını hər hansı bir dəyərindən yüksək tutan dahi şəxsiyyət Heydər Əliyev demokratikləşməni də bu ali məqsəd çərçivəsində, onun təminatlarından biri kimi qəbul edirdi. Azərbaycanın müstəqilliyi Heydər Əliyevin bütün fəaliyyətinin və çıxışlarının ana xəttini təşkil edirdi.
Heydər Əliyevin çıxışları və əsərləri ilə diqqətlə tanış olsaq, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsi idi.
Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakı əlamətlər təşkil edirdi: 1) Dövlət müstəqilliyi; 2) Demokratiya, siyasi plüralizm, şəffaflıq; 3) Hüququn aliliyi; 4) Sosial ədalət.
Dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də budur ki, o öz siyasətini heç bir zaman birtərəfli qurmurdu. Onun gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar atırdı. Hər il yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər və texniki elmlər kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi.
Bu böyük şəxsiyyət yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icrasına başlamışdır.
Çağdaş milli dövlətçilik tariximizdə Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, taktiki və strateji hədəfləri, konkret məqsədləri var. Bu irs 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşmüş dövlət-hakimiyyət vəhdətinin həqiqi simasını özünə qaytardı. Dövlət quruculuğunun hüquqi bazasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır.
Dahi şəxsiyyət Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi çox görkəmli sima, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi idi. Heydər Əliyev Azərbaycanımızın, dövlətimizin tarixində həmişəlik qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur və hörmətlə qarşılanır, yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Ukraynada Heydər Əliyev adına Sosial-Siyasi Elmlər İnstitutu təşkil edilib və Onun zəngin dövlətçilik təcrübəsi, siyasi irsi öyrənilir.
Heydər Əliyev irsinin əhatəsi geniş və çoxcəhətlidir. Bu irsin milli sərvətə çevrilməsi fenomenal şəxsiyyətin xalqın həyatında oynadığı tarixi xidmətlərin məntiqi nəticəsidir. Bununla yanaşı, milli dövlətçilik ənənələrinin dövrün, şəraitin tələblərinə uyğun sistemli inkişaf modelinə uyğun qurulması və bunun praktiki nəticələri gələcək nəsillər üçün irsi xarakter daşımaqla paralel potensial mahiyyət kəsb edir. Heydər Əliyev siyasi irsinin milli-ictimai şüurda yaratdığı təcrübənin xalqın taleyüklü problemlərində yeri cəmiyyətin müxtəlif təbəqələri idarəetmə sistemində də özünü göstərir.
Ulu Öndərimizin siyasi irsində demokratiya önəmli yerlərdən birini tutur. Demokratik dəyərlərə sədaqət Azərbaycan cəmiyyəti üçün əsas prinsiplərdən biridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın demokratik dəyərlərə söykəndiyini və demokratiyaya daim sadiq olduğunu xüsusi vurğulayırdı: “...Dövlətin inkişafı milli sərvətlərlə ölçülmür. Dövlət zəngin sərvətlərə malik ola bilər. Lakin dövlət əgər həmin sərvətlərə malik olub demokratik dəyərlərə söykənmirsə, onun inkişafı müvəqqəti xarakter daşıyacaq...” Dahi öndərin demokratiyaya milli maraqlar, milli-mənəvi dəyərlər kontekstində yanaşması və zəngin dövlətçilik təcrübəsi irsi xüsusi əhəmiyyət daşıyır. Ümummilli Liderimiz dəfələrlə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini alternativsiz inkişaf strategiyası hesab edir. Eyni zamanda Ulu Öndər tətbiq olunan hər hansı demokratik yeniliklərin xalqın milli xüsusiyyətləri, dünyagörüşü, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: “Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir”.
Ulu Öndər fenomen şəxsiyyətdir. O, siyasətdən danışanda müsahibini dərin məntiqi ilə məftun edir, iqtisadiyyatdan söhbət açanda bu sahənin ən görkəmli mütəxəssislərini belə heyran qoyur, tarixdən, ədəbiyyatdan, mədəniyyətdən, elmdən bəhs edəndə dinləyicilərin qəlbinə hakim olurdu.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev şəxsiyyətini dəqiq müəyyən edib: “Heydər Əliyev kimi böyük bir tarixi simanın irsinin öyrənilməsinə üç başlıca mövqedən – Onun xalqına və ölkəsinə sonsuz sədaqət nümunəsi olan vətəndaş, qüdrətli şəxsiyyət və dövlət xadimi, nəhayət, bütün dünyada şəksiz lider kimi tanınması mövqelərindən yanaşmaq lazımdır”.
Heydər Əliyev ömrü, sözün əsl mənasında, müdrik və mütəfəkkir insan ömrüdür. Ağıl və müdriklik, qətiyyət və məğlubedilməzlik, milli dövlətçilik və Azərbaycançılıq bu insan ömrünün əsas əlamətləridir. O ulu şəxsiyyətin yüksək mənəvi büllurluğu, zəngin dövlətçilik səriştəsi, dəmir məntiqi, fenomenal yaddaşı, tükənməz enerjisi, həyatın ən gözəgörünməz nöqtələrini belə öz bəsirət gözlərilə görmək bacarığı, ən mürəkkəb hadisələri belə düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəstxəti dünyanın ən görkəmli siyasi xadimlərini, ən məşhur tarixi şəxsiyyətlərini belə heyrətdə qoyub. Onu çox haqlı olaraq böyük dövlətçi, mahir diplomat, idarəçilik ustadı, zəka korifeyi adlandırırlar. Təsadüfi deyil ki, Z.Bjezinski Heydər Əliyevi “siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini dərhal çatdırmaq bacarığına malik misilsiz bir şəxsiyyət, bir sözlə, şəksiz lider”, P.Volfoviç “həyatı dərindən öyrənilməyə layiq zəngin bir tarix”, konqresmen Laflin “Asiya qitəsinin Corc Vaşinqtonu”, R.Reyqan isə “Heydər Əliyevin iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında, kompüter insan” adlandırmışdı.
Heydər Əliyev siyasət nəhəngi olduğu kimi, Onun yaratdığı mənəvi irs də bitib-tükənməyən dəryadır. Bu dəryadan istənilən adam faydalana bilər: siyasətçi də, alim də, sənətşünas da, ədəbiyyat adamı da...
Nə qədər Heydər Əliyev rəhbər olaraq Azərbaycanın siyasi-mənəvi mühitində öz sözünü demək gücündə idi, bu vaxtdan və imkandan istifadə etdi, xalqa tarixi yaddaş mexanizmini yaşatmağın yollarını da öyrətdi. Əslinə qalsa, Heydər Əliyevin çıxışları və nitqləri zəngin mənəvi irs kimi zaman-zaman öyrəniləcək. Bundan başqa, Onun daha qiymətli bir irsi də var. Bu da yazıçılarla, sənətkarlarla, rəssamlarla ünsiyyət və münasibət baxımından formalaşmış, yaddaşlara yazılmış, artıq tarixi həqiqət olan irsidir.
Heydər Əliyev mənəvi yaddaşın qarantıdır. Onun zəngin və tükənməz mənəvi irsi, zəka məhsulu, yaradıcılığı, nitqləri və çıxışları, məqalələri, bir sözlə, bütün yaradıcılığı mənəvi yaddaşı qorumağın əsas vasitəsidir. Bu zəngin irsdən istifadə edən hər kəs öz xalqının taleyi uğrunda mübarizədə ən güclü silaha malik olacaqdır.
Heydər Əliyev irsinin zənginliyi və öyrənilməsi baxımından 1993-cü ildən sonrakı dövr daha böyük aktuallıq kəsb edir. Çünki Azərbaycanın müstəqillik illərini əhatə edən bu dövrün fakt və reallıqları Heydər Əliyev fenomenini bütün əzəməti ilə göz önündə canlandırır. Onun xarici səfərləri, beynəlxalq təşkilatlarda apardığı danışıqlar, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətindəki məqsədyönlü işləri əhəmiyyətli nəticələrə gətirib çıxarmışdır. Ulu Öndərimizin gərgin diplomatik səyləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini əks etdirən prinsiplərin 1996-cı ilin dekabr ayında 53 dövlət tərəfindən təsdiqlənməsi, xalqımız üçün mühüm tarixi əhəmiyyətə malik Lissabon sənədinin qəbulu münaqişənin həlli prosesində Azərbaycanın milli maraqlarını təmin edən diplomatik uğurlardandır.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, hakimiyyət bölgüsü və demokratik təsisatların yaranması prosesinin müəllifidir. Onun rəhbərliyi ilə dönmədən və ardıcıl şəkildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir, sivil, azad iqtisadi sistemin əsası qoyulmuş, bunun sayəsində ölkə sənayesinə xarici investisiya qoyuluşu xeyli artmış, infrastruktur dəyişikliklərin miqyası nəzərəçarpacaq dərəcədə genişlənmişdir.
Ölkəmizin bugünkü sabit və dayanıqlı inkişafının təməlində məhz Ulu Öndərin ildən-ilə uğurla reallığa çevrilən ideyaları durur. Bu ideyalar müxtəlif islahatlar vasitəsilə reallığa çevrilir, həyatda öz təsdiqini tapır.
Dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən biri də milli birliyin şəksiz modeli kimi dövlətçilik düşüncəsinin formalaşmasına nail olmasıdır. Ulu Öndər milli-irsi dəyərləri, əsrlərdən bəri yaşanan tarixi ənənələri müasir dövlətçilik kontekstində birləşdirən islahatların uğurla həyata keçirilməsinin təşəbbüskarı və himayədarı olmuşdur. Müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı və memarı olmuş Heydər Əliyev öz dühası ilə qarşıdakı bir çox onilliklər üçün xalqımızın və dövlətimizin hərtərəfli inkişafının və qüdrətlənməsinin istiqamətlərini müəyyənləşdirmiş, milli maraqların etibarlı qorunmasının tam həllinə yönələn qanunvericilik bazasının yaradılmasını təmin etmişdir.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin modelini qurmuş və möhkəm siyasi-ideoloji əsaslarını yaratmışdır. Azərbaycan Respublikasının dövlət ideologiyası olan Azərbaycançılıq təlimi Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Millilik, dövlətçilik, müstəqillik və dünyəvilik görkəmli dövlət xadiminin dövlətçilik ideologiyasının əsaslarını təşkil edir. Azərbaycan dili, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycançılıq ideologiyasının əsas atributlarındandır.
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında mühüm rol oynamışdır. Ulu Öndər demişdir: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir ideya ətrafında birləşməsinə yol açmalıdır”.
Görkəmli dövlət xadimi milli ideologiyamızın əsasını təşkil edən Azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin “dövlətçilik” və “milli vətənpərvərlik”dən ibarət olduğunu dəfələrlə vurğulamışdır. Onun söylədiyi “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir, dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır” fikri hər bir azərbaycanlının qəlbinə hakim kəsilmişdir.
Azərbaycan dilinin dövlət dili statusu alması, onun bir ünsiyyət vasitəsi kimi bugünkü səviyyədə inkişaf etməsi, qrammatik elmi əsaslarının yaradılması, latın qrafikinə keçirilməsi məsələləri də dahi şəxsiyyət Heydər Əliyevin birbaşa xidməti sayəsində mümkün olmuşdur. Ulu Öndərin Azərbaycan xalqının və onun dilinin mənşəyi, formalaşması kimi məsələlərə çox ciddi əhəmiyyət verirdi. O, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşırdı. Bu dahi siyasətçinin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Konstitusiyasında dövlət dili statusunda təsbit olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan dili ilə bağlı 2001-ci ildə imzaladığı iki tarixi Sərəncam böyük əhəmiyyət kəsb etmişdir.
Xalqın böyük oğlu Heydər Əliyevin qədim tarixi adlarımızın bərpası, milli ziyalılarımızın qorunub saxlanılmasında mühüm xidmətlər göstərmişdir. Bunun nəticəsində Azərbaycanda milli oyanış baş vermiş, milli ruhun dirçəlməsinə səbəb olmuşdur.
Ulu Öndərin Azərbaycan xalqı və dövləti, eləcə də Azərbaycançılıq ideologiyası qarşısında göstərdiyi çox mühüm xidmətlərdən biri də Azərbaycan diasporunun inkişaf etdirilməsi və təşkilatlandırılması olmuşdur. Azərbaycan diasporunun formalaşmasında böyük rol oynayan bu tarixi hadisənin rəsmiləşdirilməsi də məhz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində mümkün oldu. 1991-ci il dekabrın 16-da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev 31 Dekabr Gününün Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi daxil olmasının təşəbbüskarı oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Onun təşəbbüsü əsasında Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul edildi.
Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca meyarlar onun dili və milli-mənəvi dəyərləridir. Milli-mənəvi dəyərlər hər xalqın, millətin, şəxsin kimliyini ortaya qoyur. Milli-mənəvi dəyərlərə görə xalqlar bir-birindən fərqlənirlər.
Milli-mənəvi dəyərlər, onların qorunması, kənar və yabançı təsirlərdən xilas olması, saflaşması, Azərbaycan xalqının dəyərli sərvəti kimi mühüm amilə çevrilməsində böyük öndərimizin uzaqgörən siyasəti, əməli fəaliyyəti, verdiyi fərman və sərəncamlar, keçirdiyi tədbirlər, apardığı görüşlər, beynəlxalq kürsülərdən söylədiyi tarixi nitqlər, gənc nəslin milli-mənəvi dəyərlərə yiyələnməsi üçün istiqamətləndirdiyi tədbirlər, özünün şəxsi nümunəsi əvəzsiz rol oynamışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi milli-mənəvi dəyərlərin özü mürəkkəb daxili struktura malikdir. Burada böyük öndər üç tərkib hissəni xüsusi olaraq qeyd edirdi: dil, din, adət-ənənə. Bunların şüur müstəvisindən proyeksiya olan milli mentalitet. Bu elmi-nəzəri irsdə milli-mənəvi dəyərlərin mahiyyəti, tərkib hissələri və əhəmiyyəti haqqında kifayət qədər materiallar yer almışdır.
Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Ulu Öndər deyirdi ki, xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.
Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz.
Ulu Öndər Heydər Əliyev 13 avqust 2001-ci ildə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı dəyərli bir bəyanat verdi. Həmin məşhur bəyanat xalqımızda böyük razılıq yaratdı. Bəyanatda Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim və sivil xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi öz əksini tapmışdır.
Sovet rejimi xalqımızı öz dinindən və milli-mənəvi dəyərlərindən də uzaq salmışdı. Din xadimləri təqib olunurdular. Heydər Əliyevin siyasi irsində İslam dininin də öz yeri və mövqeyi vardır. Böyük siyasi xadim Heydər Əliyev İslam dininin insan mənəviyyatını saflaşdırıcı xüsusiyyətlərindən və mənəvi emosional gücündən milli liderlik və bacarıq vasitəsi kimi səmərəli istifadə edilməsini Azərbaycançılıq məfkurəsinin fundamental prinsiplərindən biri kimi qiymətləndirirdi. O, dinə və dindarlara ehtiramla yanaşır, milli-əxlaqi mentalitetdə İslam əxlaqi normalarının əhəmiyyətini yüksək qiymətləndirir, onların inkişaf etdirilməsinə, yayılmasına hər cür yardım edirdi.
Ulu Öndər Heydər Əliyev insan cəmiyyətində mənəviyyatı hər şeydən üstün sayırdı. Qeyd edirdi ki, əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuz, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Milli-mənəvi dəyərlərin mühüm komponentlərindən biri də milli adət-ənənələrdir. Milli adət-ənənə dedikdə təkcə xalqımızın uzun əsrlər boyu formalaşmış yaşam və davranış tərzi, milli bayramlar və mərasimlər, əxlaqi və mənəvi dəyərlər deyil, həm də milli dövlətçilik, idarəetmə ənənələri başa düşülməlidir.
Ümummilli Lider Heydər Əliyev milli adət-ənənəni həmişə tarixi kontekstdə öyrənməyi, bu günlə müqayisə etməyi, yaxşı örnəyi, xeyirli ənənəni yaşatmağı və inkişaf etdirməyi tövsiyə edirdi: “Biz öz tarixi köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik”.
Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi və dövlət başçısı cənab İlham Əliyevin söylədiyi səciyyəvi fikirlər maraq doğurur: “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq. Azərbaycanda bu siyasətin alternativi yoxdur”.
Göründüyü kimi, müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Beləliklə, Ulu Öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin çıxış və nitqləri, məqalə və tövsiyələri, müdrik fikirləri, daxili və xarici siyasətdə həyata keçirdiyi tədbirlər və bu tədbirlərdə etdiyi çıxışlar Onun siyasi irsini təşkil edir. Bu irs müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və respublika əhalisi tərəfindən öyrənilir və tətbiq edilir. Heydər Əliyevin siyasi irsi bu gün də aktualdır və xalqımıza yeni-yeni uğurlar bəxş edir.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik