M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev müasir dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyətdir” adlı tədbir keçirilib.
Tədbir başlanmazdan əvvəl Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev açaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tarixə öz adını əbədi həkk edən nadir şəxsiyyətlərdəndir. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovanın “Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət”, elmi işlər üzrə direktor müavini Yeganə Səfərovanın “Heydər Əliyev ideyaları qüdrətli Azərbaycanın təməlidir”, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin II kurs kursantı Həsən Əhmədovun “Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” adlı mövzularda çıxışları dinlənilib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi.
Anım tədbirinin sonunda Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş “Əbədiyyətin ilk əsri” adlı filmə və sərgiyə baxış olub.