Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Zərifə xanım Əliyeva çoxsaylı mükəmməl elmi əsərləri, vətənpərvərlik və insansevərlik xüsusiyyətləri, peşəkarlıq qabiliyyəti ilə bəşərilik zirvəsinə yüksəlib. Mənalı ömrünə insanlara nur paylamaq kimi müqəddəs missiyalar yazılan Zərifə xanım Əliyevanın həyat və elmi nailiyyətlərini diqqətə çatdıran mədəniyyət naziri görkəmli akademikin tibb elmindəki böyük xidmətlərindən, ölkəmizdə həkim nəslinin yetişməsində gördüyü işlərdən danışıb. Vurğulanıb ki, 1980-ci ildə professor Zərifə xanım Əliyeva elmi xidmətlərinə və pedaqoji kadrların hazırlanmasındakı fəaliyyətinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına, oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülüb. O, SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın olub. Dəyərli akademik Ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Qərb təcrübəsindən istifadə edərək, ölkənin birinci xanımı missiyasını uğurla yerinə yetirib, bu sahədə şərəfli bir ənənə formalaşdırıb, yüksək intellekti və mədəniyyəti, dərin biliyi, insanpərvərliyi, xeyirxahlığı ilə Azərbaycan qadınının simasını dünyaya nümayiş etdirib.
“Zərifə Əliyeva mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yolunda apardığı qətiyyətli mübarizədə böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən böyük silahdaşı olmuşdur”, - deyən Natəvan Qədimova bildirib ki, Zərifə Əliyeva müstəqil Azərbaycanın son 200 ildə ən böyük tarixi qələbəsini qazanan, millətinin, vətəninin ləyaqətini qorumaq qüdrətinə qadir olan Müzəffər Ali Baş Komandan, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev kimi böyük dövlət xadimini Azərbaycan xalqına bəxş edib.
Sonra “Əsl Azərbaycan qadını nümunəsi – akademik Zərifə xanım Əliyeva” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, 2023-ci idə bir ailənin iki üzvü - Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın 100 illik yubileyləri muxtar respublikada böyük təntənə ilə qeyd edilir. Zərifə xanım mənsub olduğu ailədən öyrəndiyi ali dəyərləri, ailə dəyərlərini hər zaman qoruyub, öz ailəsində vətənpərvər, nümunəvi övladlar böyüdübdür. Dəyərli akademik tədqiqatçı alim, həkimlik sənəti ilə yanaşı sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olmaq missiyasını da şərəflə davam etdirərək ölkə başçısı cənab İlham Əliyev kimi bir oğul böyüdüb.
Sonra Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev Zərifə xanım Əliyeva ilə bağlı ümummilli lider Heydər Əliyevin xatirələrindən danışıb. Qeyd olunub ki, Ümmumilli lider Zərifə xanım haqqında hər zaman yüksək fikirlər səsləndirib, onun çox istedadlı, xeyirxah, sadə insan olduğuna görə, ailələrində yaratdığı yüksək mənəvi mühitə, qayğıkeşliyinə, böyük sevgisi və diqqətinə görə çox xoşbəxt olduğunu bildirib.
Tədbir rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminin nümayişi ilə davam edib.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti