Xəbər verdiyimiz kimi, 25-29 dekabr tarixlərində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Heydər Əliyev həftəsi” elan olunub.
Həftə çərçivəsində növbəti tədbir “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzsusunda gerçəkləşib. Naxçıvan şəhəri Uşaq Musiqi və İncəsənət Məktəbində baş tutan tədbiri giriş nitqi ilə Nazirliyin İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Həcərxanım Məmmədova açaraq Ümummilli liderin Azərbaycan musiqisinin inkişafı, dünyada tanınması, gənc kadrların yetişməsi sahəsində atdığı addımlardan bəhs edib. Bildirib ki, “Milli musiqi incəsənətini inkişaf etdirən görkəmli musiqi xadimləri və onların qiymətli əsərləri xalqımızın çox böyük milli sərvətidir”,-deyən dahi rəhbər daim sənətə və sənətkara xüsusi qayğı göstərib, onların yaradıcılıqlarıyla yaxından maraqlanıb, müxtəlif mükafatlarla onlardakı yaratmaq eşqini daha da yüksəldibdir. Məhz onun tapşırığı ilə musiqimizin inkişafına hesablanmış zəngin qanunvericilik bazası formalaşıb,yüzlərlə uşaq musiqi, incəsənət məktəbləri tikilib, istifadəyə verilib, “Musiqi Günü” təsis olunub.
Tədbirdə Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Vüsalə Əmiyevanın “Heydər Əliyev və müstəqil Azərbaycanın musiqi mədəniyyəti” , Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Gülayə Məmmədovanın “Heydər Əliyev və Naxçıvan musiqiçiləri”, Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Nuray Hüseynovanın “Heydər Əliyevin milli musiqi sahəsində fəaliyyətinin bugünkü davamçıları:Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri”, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimi Nəcibə Qafarovanın "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda çıxışları dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.
Naxçıvan şəhər uşaq musiqi məktəblərinin istedadlı şagirdlərinin təqdim etdiyi əsərlər dinləyənlərdə xoş əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, “Heydər Əliyev həftəsi” çərçivəsində növbəti tədbir “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” mövzusunda gerçəkləşəcək.