
Tədbir iştirakçıları əvvəlcə Cavidlər ailəsinin üzvlərinin uyuduğu məqbərəni ziyarət edib və gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova muzeyin yaranma tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki,Ümummili Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, Naxçıvan şəhərinin qədim Əlixan məhəlləsində yerləşən ev muzeyinin əsası 45 il əvvəl qoyulub. Muzey Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərara əsasən şairin 1919-cu ilədək yaşadığı evdə yaradılıb. Muzeyin rəsmi açılışı isə 1984-cü il 9 iyun tarixində olub. Muzey uzun müddət Hüseyn Cavidin Ev Muzeyi adı altında fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə dahi şairin məzarüstü abidəsi olan məqbərə də muzeyin nəzarətinə verilərək Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi adlandırılıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Musiqi və teatr şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov "Cavidləri tanıdan məbədgah", Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin kiçik elmi işçisi İlknur Abbasova “Cavid irsinə ehtiram” mövzusunda çıxış ediblər. Ekskursiyaçı Sona Mirzəyeva muzeyin təəssürat kitabından görkəmli şəxsiyyətlərin Cavidlər və muzey haqqında fikirlərini səsləndirib.
Tədbirin davamında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları Anar Eyvazov və Şölə Alışovanın ifasında Hüseyn Cavidin “İblis” əsərindən “İblisin monoloqu”, eləcə də “Çobanın nəğməsi”, “Qadın” və “Mənim tanrım” şeirləri bədii qiraət olunub.
Sonda “Hüseyn Cavidin Ev Muzeyi-45” başlıqlı sərgiyə baxış olub.