Oktyabrın 14-də Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə “İlham Əliyev və son 20 ildə Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident seçilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinin xüsusi iclası keçirilib, Milli Məclisin bəyanatı qəbul olunub.
Bəyanatda bildirilir ki, Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyini təmin etməklə bərabər, onun dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib.
Qeyd olunub ki, “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik”, - deyən cənab İlham Əliyev mədəniyyətimizin bütün sahələrini daim diqqətdə saxlayıb.
Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeolagiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “İlham Əliyevin uğurlu xarici və daxili siyasəti”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın “İlham Əliyev və mədəniyyət siyasəti”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimovun “Adını tarixə əbədi yazdırmış Müzəffər Ali Baş Komandan”, Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyevin “İlham Əliyevin ordu quruculuğu strategiyası” mövsusunda çıxışları dinlənilib.
Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqımızın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirdi. Hər bir azərbaycanlı əmindir ki, xalqımız, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixi uğurlar qazanacaq. Heç şübhəsiz ki, bu mühüm işdə hər birimiz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımıza fəal dəstək verməli, onun ətrafında dəmir yumruq kimi birləşməliyik.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti
14.10.2023