
6–20 iyul 2026-cı il tarixlərində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək.
Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.
Qeyd: xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşaraq məktəb və ixtisas seçimi edə biləcəklər.
Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
Musiqi alətləri ixtisasları üzrə:
* fortepiano, simli alətlər (violin)— 7 illik təhsil: 6–8 yaş
* simli (violonçel), nəfəs və xalq çalğı alətləri — 5 illik təhsil: 9–12 yaş
Vokal və xanəndəlik ixtisasları üzrə:
* vokal və xanəndəlik — 5 illik təhsil: 7–11 yaş
Təsviri sənət ixtisasları üzrə:
* rəssamlıq — 4 illik təhsil: 8–12 yaş
Xoreoqrafiya ixtisası üzrə:
* 5 illik təhsil: 6–10 yaş
Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.
Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizədlərin valideyni və ya qanuni nümayəndəsi aşağıdakı sənədləri sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi — xarici ölkə vətəndaşları üçün;
sağlamlıq haqqında tibbi arayış