Avqustun 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin tabeliyində fəaliyyət göstərən kitabxana əməkdaşları arasında “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilib.
Naxçıvan Şəhər Gənclər Mərkəzində təşkil edilən müsabiqədə əvvəlcə Mədəniyyət Nazirliyi Aparatının kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli müsabiqənin məqsədi və keçirilmə qaydaları haqqında məlumat verib. Bildirib ki, kitabxana əməkdaşlarında çevik düşünmə və qərarvermə, komanda qurma bacarığının ikişaf etdirilməsi, onlarda kitabxana işi üzrə biliklərin yenilənməsi, ümumi dünyagörüşlərinin və intellektual səviyyələrinin yüksəldilməsi məqsədi ilə keçirilən müsabiqə seçim və final turundan ibarətdir. Hər iki turda “Kitabxana işi” və “Ümumi dünyagörüşü” adlı mövzularda komandanın hər bir üzvü üçün 5 sual səsləndiriləcək. İştirakçıların əsas məqsədi aparıcı tərəfindən verilən suala rəqiblərdən daha tez cavab verməkdir. Birinci turda hər düzgün cavaba görə komandanın hesabına 100, ikinci turda 200 xal yazılacaq.
Sonra müsabiqə başlayıb.
Müsabiqədə Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemini "Xarıbülbül" və "Buta", Şərur Rayon MKS-ni "Lider", Ordubad Rayon MKS-ni "Uğur", Babək Rayon MKS-ni "Zəfər", Culfa Rayon MKS-ni "Əlincəqala", Şahbuz Rayon MKS-ni "Batabat", Kəngərli Rayon MKS-ni "Xudafərin" komandaları təmsil edib.
Final turunun yekununda “İntellektual kitabxanaçı” nominasiyası üzrə qaliblər müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə görə “Zəfər” komandası I, “Xudafərin” komandası II, “Buta” komandası isə III yerin sahibi olublar.
Qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomları ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
29.08.2023