İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürülüb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il tarixli 132 nömrəli Qərara dəyişiklik edilib. Yeni qərara əsasən, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonlarında tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 44 yeni abidə daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına əsasən, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 550 abidənin inventarlaşdırılması başa çatdırılıb. Eyni zamanda aparılan monitorinq nəticəsində 402 obyekt yeni aşkar olunmuş abidə kimi qeydə alınıb.
Araşdırmalar zamanı məlum olub ki, bu abidələrin bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən vandalizmə məruz qalıb. Belə ki, 68 abidə tamamilə dağıdılıb, 114 abidəyə ciddi ziyan dəyib, digər abidələr isə müxtəlif dərəcələrdə zədələnib və bəziləri hətta tövlə kimi istifadə olunub.