Teatr - bənzərsiz və sehrli məkan, dünyanın kiçik bir guşəsində var olan əsrarəngiz planetdir. İlk baxışdan həmin o əsrarəngiz planetin sakini olmaq, obraz canlandırmaq, başqa birisinə çevrilmək bəzilərinə asan gəlir. Lakin tamaşadan sonra səhnə arxasına keçib aktyorların tökdüyü təri, çəkdiyi əziyyət və stressi görəndə işin təsəvvür ediləndən qat-qat ağır olduğunu anlayırsan.
Yazıya teatr haqqında bu fikirlərlə başlamağımın səbəbi qonağımın məni aktyorluq qabiliyyəti ilə ovsunlayan Əməkdar artist Səməd Canbaxşıyev olmasıdır.
Səməd müəllimi əslində peşə yoldaşım kimi tanımışam. Lakin teatrda izlədiyim son tamaşasından sonra yəqin etdim ki, Səməd Canbaxşıyev təkcə yaxşı jurnalist yox, həm də çox istedadlı aktyordur. İzlədəyim hər tamaşasından belə qənaətə gəldim ki, Əməkdar artist öz palitrası ilə yaratdığı obrazlardan ulduzlardan ibarət əbədi kəhkəşan var edir.
- Səməd Canbaxşıyev özünü necə xarakterizə edir: yaxşı jurnalist, yoxsa yaxşı aktyor?
- Səməd Canbaxşiyev 2000-ci ildən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistidirsə, deməli, aktyordur. Mən ikinci təhsil olaraq BDU-də jurnalistika fakültəsini bitirdim. Mədəniyyət və İncəsənət Universitetində isə ixtisasım Teatr kollektivi rejissorluğu olub. Əvvəlcə aktyor kimi 1990-cı ildə Naxçıvan Dövlət Kukla Teatrında fəaliyyətə başlamışam. 18 yaşında oranın ilk aktyorlarından biri olmuşam. Məncə, orta məktəbi çox yaxşı oxuduğum və hər iki universitetdə yaxşı təhsil aldığım üçün qazandığım bilikləri yerli-yerində işlədə bildim. Nəticədə isə aktyor və jurnalist kimi uğur qazandım. Ən əsası bilik və dünyagörüşüdür. Bu varsa, istənilən sahədə uğur qazanmaq olar. Yaxşı aktyor olmaq üçün isə mütləq təhsil almalısan. Mən özümü aktyor sayıram. Rejissorluqla isə açığı, Naxçıvan Teatrında peşəkar rejissor olmadığı üçün məşğul oldum. İndi 3 nəfər sırf rejissor ixtisasını bitirən gənc var. Onlar məşğul olurlar bu işlə. Mən böyük hərflə aktyoram.
- Naxçıvanda olduğum zaman sizin iki tamaşanızı izlədim. Hər iki tamaşada fərqli xarakterləri fərqli baxış bucağından göstərdiniz. Bəs bu cür trajik və trajikomik obrazları yaratmaq üçün Səməd Canbaxşıyev nədən ilham alır?
- Aktyorun işi ona tapşırılan obrazı olduğu kimi, bütün xarakterik cəhətləri ilə canlandırmaqdır. İstər komediya, istərsə də faciə olsun, obrazı olduğu kimi daxili aləminə nüfuz edərək yaradanda o, öz yerini tapır, tamaşaçının qəlbini fəth edir, onu inandırır. O iki tamaşada (yəqin ki "Cibimizdəki dəlilik"də “Ü.V” və "Edama məhkumun son günü"ndə “Kişi” obrazlarını nəzərdə tutursunuz) obrazların daxili aləmini açmağa çalışdım. Biri psixoloqun "ovuna" çevrilən emosional, bir az da sadəlövh bir kompüter ustası, digəri isə qızı üçün çörək alanda təsadüfən adam öldürən və heç də ölüm hökmünə layiq olmayıb cəzaya məhkum olan bir insandır. Onların faciəsi eynidir - günahları o qədər də çox olmadığı halda cəzalanmaq! Dram əsərlərində sətiraltı fikirləri düzgün tutanda və rejissor, müəllif, aktyor üçlüyünün fikir, ideya vəhdətini düzgün qiymətləndirəndə yaxşı obraz alınır. İlham mənbəyi isə sənəti sevmək və onun prinsiplərindən düzgün istifadə etməklə gördüyün işdən zövq almaqdır.
- Səməd Canbaxşıyevə görə insan oğlu niyə dəliliyi cibində gəzdirir?
- Əslində əsərin müəllifi Mehmet Ümit Görgülü özü psixoloqdur. Onun öz obrazlarına yanaşması çox maraqlıdır. "Cibimizdəki dəlilik" əsəri əslində psixoloqların konfransı zamanı yazılıb və ora toplaşan həkimlərə bir sual kimi verilib: Biz psixoloji xəstəni düzgün müalicə etməyən zaman onu bir cinayətkara çevirmirikmi? Onun törətdiyi cinayətlərin günahı kimdədir? Bax bu sualın cavabını tapmaq lazım idi. Məlum oldu ki, əslində bizim hamımız, bütün insanlar dəliliyi (cinnəti) cibində gəzdirir. Kimi onu ömrü boyu çıxarmır, kimi də qarşılaşdığı hər hansı xoşagəlməz hadisədə və ya məqamda məmnuniyyətlə cibindən çıxarıb əlinə alır. Bu cinnət isə silaha, dəyənəyə, qarşındakı insana xəsarət yetirən əşyaya çevrilir. Yaxşı olar ki, elə o cinnət, dəlilik həmişə cibimizdə qalsın.
- Xarakterə bürünmək və xarakterdən çıxmaq Səməd Canbaxşıyev üçün nə qədər çətindir?
- Mən səhnədə oynadığım obrazam. Çünki orada zaman başqa, məkan başqa, vəziyyət başqadır. Bu, bir oyundur. Çıxmağa gəlincə, kulisin arxasına keçən kimi dönüb olursan həmin adam. Amma bəzən elə əsərlər olub ki, çox qapılmışam. Məsələn, Şah Qacar obrazı çox xoşuma gəlib. Azərbaycanı birləşdirmək istəyən, indiki İran, Gürcüstan, Ermənistan ərazilərini əhatə edən, böyük Azərbaycan imperiyası yaratmaq istəyən Qacarın obrazından çıxıb bugünkü 86 min kvadratmetrlik Azərbaycan coğrafiyasına düşmək istəmirsən.
- Uğurlu tamaşa, uğurlu əsər yalnız böyük səhnələrəmi aiddir?
- Uğurlu əsər, uğurlu tamaşa hər yerdə ola bilər. Sadəcə, yaxşı aktyor və rejissor lazımdır. İndi deyə bilmərəm, amma əvvəllər xalq teatrlarında belə çox gözəl əsərlər səhnəyə qoyulurdu. Hamıda sənətə bir sevgi vardı, bağlılıq vardı. Həm də yaxşı dramaturji əsər də şərtdir. Adam tanıyıram ki, bizim teatra bir dəfə gəlməyib, amma mənə əsər yollayıb ki, sizin teatr üçün pyes yazmışam. Teatra gəlməyən, tamaşaya baxmayan, ən azından dram əsəri oxumayan adamın teatr üçün yaxşı pyes yaza biləcəyini düşünmürəm. Çünki teatrın şərtlərini bilməlidir. Yəqin ki, bilirsiniz, ilk pyeslər miflərdən doğulub. Hətta dolayısı yolla desək, teatrın yaranmasında, dramaturji materialın ərsəyə gəlməsində mifin xüsusi rolu var. Deməli, yaxşı əsəri yazmaq üçün yaxşı mövzu olmalıdır. Yaxşı yazılan mövzu isə böyük, kiçik səhnə tanımır. Ümumiyyətlə, mənim üçün səhnənin böyüyü, kiçiyi yoxdur. Sadəcə, ölçüsü böyük, kiçik ola bilər. Qədimdə bizimtək gəzən aktyorlar, məddahlar, naqqal deyilən nağılbazlar, hoqqabaz adlanan sehrbazlar kiçik səhnələrdə böyük oyunlar göstərirdilər.
- Yaxşı aktyoru yaxşı repertuar yetişdirir deyirlər. Bu gün Naxçıvan teatrının repertuarı sizi qane edirmi?
- Yaxşı repertuar yox, yaxşı əsər. Yaxşı əsərlər seçiləndə yaxşı da repeprtuar alınır. Əlbəttə, Naxçıvan Teatrı əvvəllər məlum səbəbdən repertuar sarıdan çox əziyyət çəkib. Bəzən rejissorların hazır olmadığı, aktyorun imkanı nəzərə alınmadan, mövzusunun teatr üçün nə dərəcədə aktual olub-olmadığı diqqətə alinmadan mövzular "yuxarıdan" gəlirdi. Hətta bir ili 38 əsər oxuyub göndərdik. Sonda isə repertuarda olan "Nadir şah" və "Əlincə qalası" seçildi. Biz də məcbur qalıb həmin əsərləri repertuardan çıxardıq və yenidən növbəti il üçün tamaşaya hazırladıq. Amma bu gün belə deyil. Repertuarda isə yerli aktyorların dediyi kimi, "saqqal-bığ" yapışdırılan tarixi dramlar deyil, həm də müasir həyatımızdan bəhs edən pyeslər də var. Tamaşaçılar məmnuniyyətlə gəlib baxırlar. Çünki onları da qane edir. O ki qaldı aktyorun yetişməsində repertuarın roluna, aktyor istedadsız və tənbəldirsə, onu nə yaxşı repertuar yetişdirə bilir, nə də yaxşı əsər.
- Səməd Canbaxşıyev bu gün gənc aktyorlara ilk nəyi öyrədir?
- Gənc aktyorlara birinci növbədə sənəti sevməyi öyrədirəm. Sənətlə bağlı maraqlı məqamlar, tamaşaçı alqışının zövqü, yaradıcılıq uğurları barədə danışırıq. Aktyorluq və teatr sənəti göz önündə olduğu üçün çox çətindir. Tamaşaçı daha çox bu sahədə qiyməti verir. Bəziləri televiziya ekranlarından və teatr tamaşalarından aktyoru görüb sənəti seçirlər, birtəhər ali təhsil alıb teatra gəlirlər. Burda isə qalırlar "mən kimlə, mən kimlə" deyən uşaqlar kimi ortalıqda. Bu sənət istedad, savad, sevgi və ürək istəyir. Biri yoxdursa, bu sənətə gəlmək əbəsdir.
- Gələcəkdə aktyor olmaq istəyən gənclər üçün sizdən tövsiyə almaq istəsək, bizə nə deyərdiniz?
- Aktyor olmurlar, aktyor doğulurlar. "Yoxsa əzmində əgər səbrü-səbat, boş əməkdir çəkiyorsun heyhat..." Bunu rəhmətlik Cavid əfəndi deyirdi. Bilirsiniz, bu həyatda ən asan şey məsləhət verməkdir. Bunu elə elə, onu belə elə deməklə aktyor, rejissor ola bilməzsən. Çətin sahədir, çox çətindir. Gərək hər şeyi, ən əsası da insan psixologiyasını biləsən. Başqalaşmağı, başqasının duyduğu hissləri, düşüncələri yaşaya biləsən. Əksər böyük sənətkarlar 50 yaşa qədər ancaq ömür sürüblər. Çünki ürəklərini bu yolda qoyublar. Gənclərə deyə bilərəm ki, bu sənətə bacarığınız varsa, gəlin, yox, əgər kimsə sizi məcbur edir və ya deyirsə ki, səndə aktyor fakturası var, ya da mənim oğlum, qızım aktyor, aktrisa olmalıdır, onda özünü aldadırsan!
Nuray NƏZƏROVA