İsveçli sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda yeni film layihəsinin çəkilişlərinə başlayıb
Bununla bağlı yerli media nümayəndələri ilə keçirilən görüşdə rejissor həm əvvəlki yaradıcılıq təcrübəsindən, həm də üzərində çalışdığı yeni sənədli film barədə geniş və əhatəli məlumat verib. Çıxışına təşəkkürlə başlayan rejissor Naxçıvan Muxtar Respublikasında yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. O, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilova, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə göstərilən səmimi qonaqpərvərlik və layihəyə verilən dəstəyə görə təşəkkürünü bildirib. Rejissor vurğulayıb ki, Naxçıvana artıq üçüncü dəfə səfər edir və hər səfər onun üçün yeni təəssüratlar, yeni kəşflərlə yadda qalır. Onun sözlərinə görə, bu möhtəşəm diyarın zəngin tarixi və mədəni irsi hər dəfə daha dərindən öyrənilməyə imkan yaradır.
Mikael Silkeberq qeyd edib ki, onun Naxçıvanla ilk tanışlığı əvvəlki sənədli filmi “Nuhun ayaq izləri” ilə başlayıb. Təxminən, 40 dəqiqə davam edən bu film Naxçıvanı insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edir. Rejissor bildirib ki, həmin ekran əsərində tarix və əfsanənin bir-birinə qovuşduğu, mədəni yaddaşın isə minilliklər boyu qorunub saxlanıldığı bir məkan təsvir olunub. O, Naxçıvanı bu filmdə canlı arxiv kimi təqdim etməyə çalışdığını qeyd edib. Burada təbiət, tarixi abidələr və mədəni yaddaş bir-birini tamamlayır.
Filmin çəkilişləri zamanı regionun bir sıra mühüm məkanları lentə alınıb. Rejissor, xüsusilə “Azərbaycanın Maçu Piçusu” adlandırılan Əlincəqala kimi möhtəşəm qalaları, Ordubadın tarixi şəhər mühitini və burada yerləşən unikal Qeysəriyyə kompleksini, insan yaradıcılığının ən qədim izlərini özündə daşıyan Gəmiqaya qayaüstü təsvirlərini, eləcə də mənəvi dəyərlərin bu gün də yaşadıldığı Əshabi-kəhf ziyarətgahını xüsusi vurğulayıb.