Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 6-da Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam-impressionist Şahin Rəsulzadənin Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb. 62 əsərin nümayiş olunduğu sərgidə mədəniyyət, incəsənət təmsilçiləri, rəssamın sənət dostları və tələbələr iştirak edib. Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva bildirib ki, Ölkə başçısı Cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər Planı təsdiq edilib. Rəssam Şahin Rəsulzadənin sənət işığına toplaşdığımız bugünkü sərgi də məhz Plana əsasən təşkil olunub.
Muxtariyyət dövründə Naxçıvanda rəssamlığın inkişafından danışan şöbə müdiri diqqətə çatdırıb ki, Şahin Rəsulzadənin yaradıcılıq karyerasında bir necə sərgisi açılıb. Onun milli ruh və milli kaloritin təcəssümü olan əsərlərində doğulduğu doğma Naxçıvan torpağına olan sonsuz sevgisi yer alır. Naxçıvanın tarix və mədəniyyət abidələri, zəngin təbiəti, hər daşı, hər qayası dəyərli fırça ustasının əsərlərinə peşəkarlıqla köçürülüb. “Köhnə bazar”, “Nəiminin qəbri-Xanəgah”, “Seyrəngah”, “Qızlar bulağı”, “Şuşa fatehləri”, “Atəbəylər” kimi təkrarsız sənət əsərləri müəllifin qeyri-adı istedadından, dərin müşahidələrindən xəbər verir.
Sonra rəssamınn sənət dostları-Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli Şahin Rəsulzadənin yaradıcılıq yolu, əsərlərində Naxçıvan motivləri və muxtar respublikada yaradıcı insanlara göstərilən qayğıdan danışıblar.
Vurğulanıb ki, yaradıcılığında mənzərə, batal, natürmort, veduta, portret janrlarına daha çox müraciət edən fırça ustası Bəhruz Kəngərli ənənələrinə sadiq qalaraq Naxçıvanı böyük məhəbbətlə tərənnüm edib.
Çıxışların ardından ənənəyə uyğun olaraq Şahin Rəsulzadə 5, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov 1 əsərini Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə ediblər. Sonda sərgiyə baxış keçirilib.
Qeyd edək ki, muxtar respublikada yaşayıb-yaradan fırça ustalarının zaman-zaman öz qiymətli əsərlərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərə hədiyyə etməsi artıq bir ənənə halını alıb.