
Ordubad Rayon Mədəniyyət Sarayında görkəmli teatr və kino xadimi, xalq artisti Kazım Ziyanın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra mədəniyyət sarayının metodisti Əfsanə Möhsünlü görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun zəngin sənət yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Kazım Ziyanın rol aldığı “Xoşbəxtlər”, “Toy” və “Vaqif” tamaşalarından hazırlanmış qısa səhnə fraqmentləri təqdim edilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin keçirilməsində əsas məqsəd görkəmli sənətkarın zəngin yaradıcılıq irsinin təbliği, onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrin gənc nəslə çatdırılması, həmçinin adını daşıyan Ordubad Rayon Xalq Teatrının teatr ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi olub.
Tədbirin sonunda Culfa Regional Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov yaradıcı kollektivlə görüşərək onların uğurlu çıxışlarını yüksək qiymətləndirib, yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayıb.
