
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin Elmin təşkili və təhlili şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Zamin Babazadənin və həmin universitetin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Murad Qənbərovun birgə müəllifi olduğu “Sosial media platformalarında Azərbaycan ədəbiyyatının təbliği” adlı kitabın təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, XXI əsrin informasiya texnologiyaları dövründə sosial media platformaları yalnız ünsiyyət vasitəsi deyil, həm də cəmiyyətin mədəni yaddaşının formalaşdığı mühüm məkanlardan birinə çevrilib. Təqdim edilən bu kitab Azərbaycan ədəbiyyatının müasir inkişaf yollarının, rəqəmsal mühitdəki fəaliyyətinin analitik təhlili baxımından mühüm mənbədir.
Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Məmmədli “Sosial media platformalarında ədəbi dil normaları və virtual auditoriya”, Naxçıvan Dövlət Universitetinin “Dilçilik” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova “Sosial media və gənc nəslin ədəbi-mənəvi dünyası”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu “Sosial media platformalarında Azərbaycan ədəbi irsinin tədqiqi və təbliği məsələləri”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Müasir oxucu auditoriyasının formalaşmasında sosial medianın rolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, Azərbaycan ədəbiyyatının sosial şəbəkələrdə təbliği məsələsi müasir dövrün reallığı deyil, həm də ədəbiyyatın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Kitabda aparılan tədqiqatlar göstərir ki, klassik və çağdaş nümunələrin düzgün təqdim olunması gənc nəslin ədəbiyyata marağını artırmaq üçün əvəzolunmaz vasitədir. Sosial şəbəkələrdə ana dilimizin qorunması, ədəbi dil normalarına ciddi riayət edilməsi milli kimliyimizin təhrif olunmadan gələcəyə ötürülməsində həlledici rol oynayır. Kitabda təhlil edilən rəqəmsal sorğu materialları ictimai rəyin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə süni intellekt alqoritmlərinin tətbiqi və sorğu nəticələri yeni rəqəmsal oxucu auditoriyasının formalaşmasında həlledici rola malik olacaqdır.
Sonra kitabın müəllifləri kitabın ərsəyə gəlməsindən, media sadəsində mövzu ilə bağlı apardıqları araşdırmalardan söhbət açıblar və təqdimat üçün kitabxana rəhbərliyinə, iştirakçılara öz təşəkkürlərini bildiriblər.