Kitab təqdimatı keçirilib
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Muxtar Məmmədovun “Dünyada nə qədər kitab var belə...” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Muxtar Məmmədov jurnalistika sahəsində öz peşəkarlığı ilə tanınan ziyalılardan biridir. Müəllifin yaradıcılığı əsasən publisistik məqalələr və oçerklərdən ibarətdir. Onun yazılarında əsas mövzunu milli-mənəvi dəyərlər, Azərbaycanın müstəqillik tarixi və Naxçıvanın sosial-mədəni inkişafı təşkil edir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respubllikasının əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Müəllif qələminin müqəddəs vəzifəsi”, Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, şair, ədəbiyyatşünas Xanəli Kərimli “Sözün və həqiqətin keşiyində”, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov “Yaradıcılığında hər söz doğma vətənə bağlılığından xəbər verir”, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, Prezident mükafatçısı, yazıçı-publisist Hüseyn Əsgərov “Muxtar Məmmədovun jurnalistika dünyası” və “Şərq qapısı” qəzetinin məsul katibi Ruhiyyə Rəsulova “Muxtar Məmmədovun Şərq qapısı qəzetində fəaliyyəti” adlı mövzularla çıxış edərək bildiriblər ki, Muxtar Məmmədov uzun illər Şərq qapısı qəzetində müxtəlif məsul vəzifələrdə çalışıb, 50-ə yaxın kitabın redaktoru olub. O həm də gənc jurnalistlərin yetişməsində böyük rol oynayıb. “Dünyada nə qədər kitab var belə..” müəllifin sayca yeddinci kitabıdır. Muxtar müəllimin bədii fikirləri, daxili dünyası, onun illərin peşəkar jurnalisti kimi hadisələrə dəqiq və həssas yanaşması ilə hiss olunur. Müəllifin məqalə, reportaj, müsahibə və esselərinin əsas qayəsini Vətənə, torpağa məhəbbət hissləri təşkil edir. Jurnalistikada keçən ömrü müəllifin yeni kitabında öz əksini tapıb.