Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birlikdə “Konstitusiya və Suverenlik İli” münasibətilə poeziya axşamı keçirilib.
Tədbir başlamazdan əvvəl Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, 2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” elan edilib. Müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar “Bu il Konstitusiya və Suverenlik İlidir” adlı mövzu ilə çıxış edərək bildirib ki, xalqımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsinin, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin və ölkəmizin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Azərbaycan poeziyasında şairlərimizin müstəqilliklə, suverenliklə bağlı ayrı-ayrı dövrlərdə yazdığı maraqlı əsərlərdə xalqımızın azadlıq arzuları öz əksini tapıb. Azərbaycan poeziyasında hər bir şairin şeirində vətənpərvərlik duyğusu və şəhidlik mövzusu üstünlük təşkil edir. Görkəmli şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqaları azadlıq və suverenliyimiz uğrunda mübarizə aparan şairlərdən olmuş, öz şeirləri ilə vətənpərvərlik duyğusunu aşılamışlar. Tarixi zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsi dövründə yaranan poetik nümunələr Azərbaycan poeziyasında tarixi ədalətin bərpasının, mənəvi zəfərin, milli qürurun ən ali ifadəsi kimi təqdim olunub.
Şairlərdən Həsənalı Eyvazlı, Elxan Yurdoğlu, Yadulla Zaman, Dilbər Şahbuzlu, Süsən Kərimli, Sona Teymurbəyli, Mirkərim Həsrət, Rəqsanə Nəcəfova, Ünbülbanu Musayeva, Rahilə Nuriyeva, Maarif Təmkin, Əzizə Həsənova, Zeyqəm Vüqar, Ayxan Hüseynli “Konstitusiya və suverenlik ili”nə həsr etdikləri şeirləri qiraət ediblər.
Sonda “2025-ci il Konstitusiya və Suverenlik İli”dir adlı sərgiyə baxış olub.