“Əkrəm Məmmədli 80” adlı yubiley gecəsi keçirilib
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında ustad tarzən, bəstəkar, pedaqoq, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Əkrəm Məmmədlinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov qeyd edib ki, Əkrəm Məmmədli klassik musiqi incilərimizdən olan muğamların instrumental şəkildə öz ifasında nota yazmaq kimi şərəfli bir işin öhdəsindən çox bacarıq və səriştə ilə gəlmişdir. “Bizim ustad tarzən kimi tanıdığımız Əkrəm Məmmədli, mahir pedaqoq, musiqi təşkilatçısı, milli musiqimizin incəliklərini dərindən duyan musiqi xadimi, həm də bədii yaradıcılığa (bəstəkarlığa) ciddi əhəmiyyət verən, sayılıb-seçilən yaşlı nəsil nümayəndələrindən biridir.
Sonra ustad tarzənə Mədəniyyət Nazirliyinin fəxri fərmanı və hədiyyə təqdim edilib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Rafael Hüseynov yubilyarın həyat və yaradıcılığı haqqında (Video formatda) çıxış edib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Respublikasının Xalq artistləri- Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Şəfiqə Eyvazova, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Malik Mansurov, Vasif Allahverdiyev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nazim Kazımov, professorlar - Nazim Əsədullayev, Arif Əsədullayev Azərbaycan Respublikasının Əməkdar artisti Tariyel Abbasov çıxış edərək Əkrəm Məmmədlinin sənət yolundan, Azərbaycan və Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Əkrəm Məmmədli 50 ildən çoxdur ki, tar ifaçılığı və onun tədrisi ilə məşğul olur.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xorunun müşaiyətilə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ruhiyyə Hüseynova, Prezident mükafatçısı İlkin Abdullayev, dirijor Hakim Məmmədli, Azərbaycan Respublikasının Əməkdar artistləri- Elman Əliyev, Zeynalabdin Babayev, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent İsmayıl Mürsəlov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov və digər sənətkarların ifalarında “Qızın təranəsi”, “Vətən suitası”, “Çahargah” muğamı, “Aylı gecələr”, “Sevgi rəqsi” kimi bir sıra musiqi nömrələri təqdim edilib.
Sonda yubilyar çıxış edərək əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün minnətdarlığını bildirib.