İyulun 12-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları üçün “Mədəniyyət müəssisələrində fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallardan qorunma, yanğın təhlukəsizliyi və çimərlikdə təhlükəsizlik qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vəli Səfərov bildirib ki, özünəməxsus relyefi, hidrometeoroloji şəraitinin müxtəlifliyi və kəskin iqlimi ilə səciyyələnən muxtar respublikada əhalinin və ərazilərin mühafizəsi məsələləri daim diqqət mərkəzində saxlanılır, yanğın təhlükəsizliyi və qarşıya çıxan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən “Mədəniyyət müəssisələrində fövqəladə hallara hazırlığın vəziyyəti”, “Zəlzələ və zəlzələ hadisəsi zamanı davranış qaydaları”, “Mədəniyyət obyektlərində yanğın təhlükəsizliyi qaydaları” mövzularında ətraflı məlumatlar verilib.
Qeyd olunub ki, bugünkü seminarın keçirilməsində əsas məqsəd mədəniyyət müəssisələrində fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, müəssisələrdə çalışan işçilərə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanmasıdır.
Seminarda həmçinin mövzu ilə bağlı slaydlar təqdim olunmuş və videoçarxlar nümayiş edilmişdir.