
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçirilən vətəndaş qəbulları davam edir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən sentyabrın 24-də Naxçıvan şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Ümummilli Liderin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycan Respublikasının mədəniyyət naziri memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə şəhərin “Əcəmi seyrangahı” istirahət kompleksində qoyulmuş heykəlini ziyarət edib. Qeyd edək ki, abidə bu ilin 11 avqust tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, mədəniyyət sahəsi ilə bağlı layihə və təkliflər, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, diqqətə çatdırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

