Mədəniyyət Nazirliyində növbəti sərgi keçirilib
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəssamlıq ixtisas üzrə təhsil alan şagirdlərinin iştirakı ilə “Daha gözəl dünya üçün təbiəti qoruyaq”adlı tədbir-sərgi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nazirliyin aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Çıxışda ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsi, aksiyaların təşkil edilməsi və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin bugünkü vacib məsələlərdən olduğu qeyd edilib.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli bildirib ki, doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Vətənimizin insanı valeh edən möcüzəli təbiəti, bitki örtüyü, zəngin heyvanat aləmi bu yerlərə xüsusi yaraşıq bəxş edir. Ana yurdumuzun təbiəti ulu Tanrının bizə bəxş etdiyi elə gözəl sənət əsəridir. Uşaq gənc və ya qoca olmasından asılı olmayaraq insanlara təbiət sevgisini aşılamaq gələcək nəsillər üçün təbiətin qayğısına qalmalıyıq. Ona görə də təbiəti yaşatmalıyıq ki, insan yaşasın, təbiəti yaşatmalıyıq ki, sənət yaşasın.
Daha sonra tədirdə iştirak edən şagirdlər qalereya tərəfindən fəxri fərmanla təltif olunub.
Tədbirin sonunda şagirdlər tərəfindən çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.