Sentyabrın 6-da Naxçıva Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni “nculture.gov.az” saytının təqdimat mərasimi keçirilib. Nazirliyin tabeli müəssisələrinin direktorları və əməkdaşlarının, şəhər, rayon idarə və şöbə müdirlərinin iştirak etdiyi mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı, heç şübhəsiz milli mədəniyyətimizin inkişaf strategiyasının həyata keçirilməsinə də öz müsbət təsirini verməkdədir. Yeni sayt Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında müasir informasiya texnologiyalarından istifadənin, həmçinin informasiya təhlükəsizliyinin təşkili və təmin edilməsinə dair 2023-cü il üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, müasir texnologiyalardan istifadə olunmaqla yenilənib.
Yeni rəsmi saytın istifadəyə verilməsinin dövlətimiz tərəfindən aparılan mədəniyyət siyasətinin tərkib hissəsi olmaqla yanaşı informasiya siyasətinin düzgün qurulmasına, vətəndaş müraciətinin əlçatanlığına xidmət etdiyini bildirən Həsən Seyidov əlavə edib ki, müasir tələblərə cavab verən yeni internet səhifəsi Nazirlik və media resursları ilə qurulan əlaqələrin təkmilləşməsinə öz müsbət təsirini göstərəcək. Yeni web-sayt Nazirlik tərəfindən atılan adımların, həyata keçirilən layihələlərin ictimaiyyətə daha operativ və dolğun çatdırılması ilə yanaşı Naxçıvanın mədəni həyatının güzgüsünə də çevriləcək.
Sonra Mədəniyyət Nazirliyi Aparatının informasiya resurslarının idarə edilməsi üzrə aparıcı məsləhətçisi Anar Təhməzli saytın tərtibatı, imkanları, istifadə qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, 8 əsas bölmədən ibarət olan yeni saytda 50 alt bölmə olmaqla, ümumilikdə 215 aktiv bölmə fəaliyyət göstərəcək. Qeyd olunan bölmələrdə muxtar respublikanın tarixi, təbiəti, flora və fauanası, Naxçıvan şəhəri və rayonların tarixi və bu günü, Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələr haqqında məlumatlar əks olunacaq. Bundan əlavə, rəsmi saytda muxtar diyarın tarix-mədəniyyət abidələri, xalq yaradıcılığı, milli mətbəxi, sənətkarlığı, teatrı, musiqisi, ədəbiyyatı, memarlığı, həmçinin, ölkəmizdə mədəniyyətin inkişafına hesablanmış qanunvericilik bazası, hesabatlar, elan və afişalar yer alır. Saytda yer alan “Elektron müraciət” bölümü hər kəsə asanlıqla təklif və rəylərini Nazirliyə ünvanlama imkanı yaradır. Həmçinin Nazirlik www.nculture.gov.az domeninə bağlı daha təhlükəsiz office@nculture.gov.az mail adresi ile təmin olunub.
Təqdimat mərasiminin sonunda “nculture.gov.az” saytı haqqında videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
06.09.2023