Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Maddi-mənəvi irsimizin nadir inciləri

2 avqust Azərbaycan Kinosu Günüdür

    Bu gün böyük tarixə və zəngin ənənələrə malik, milli ideologiyamızın, tarixi irsimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində misilsiz xidmətləri olan milli kinomuzun yaranmasından 125 il ötür.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
    125 illik çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə bərabər, həm də dəyərləri qorumuş, yaşatmışdır. Milli kino sənətimizə həmişə yüksək dəyər verən Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.
    Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz böyük ustalıqla verilib. Azərbaycan professional kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. Həmin dövrdəki ilk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmrinin yola salma mərasimi”, “Qafqaz rəqsi” xronika süjetli sənədli filmlərdən  və bir bədii kinosüjet “İlişdin”dən ibarət idi. 
    Təqribən, bir əsr bundan əvvəl Azərbaycanda yazıçı İbrahim bəy Musabəyovun janr etibarilə melodram povesti “Neft və milyonlar səltənətində” əsəri əsasında rejissor Boris Svetlov tərəfindən dövrün xarakterik hadisələrini ekrana gətirən ilk tammetrajlı film çəkildi. Film XX əsrin əvvəllərində neft Bakısının həyatını, Azərbaycan milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən ağır şəraitdə işləyən fəhlələrin həyatını ekranda əks etdirmiş, təkcə Bakıda deyil, Qafqazın bir çox şəhərlərində də nümayiş etdirilmişdir.
    1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycan kinematoqrafiyasında səsli kinofilmin əsası qoyuldu. 1936-cı ildə isə görkəmli yazıçımız Y.V.Çəmənzəminlinin tərcüməsi əsasında sovet kinosunun qızıl fonduna daxil olan və dünyada tanınan “Çapayev” filminin Azərbaycan dilində səsləndirilməsi ilə ölkəmizdə dublyajın əsası qoyuldu. Həmyerlimiz, kino tariximizdə, həmçinin Şərqdə ilk peşəkar kinorejissor qadın kimi tanınan Qəmər Salamzadənin 1937-ci ildə Bakı kinostudiyasında çəkdiyi “Dəcəl dəstə” uşaq filmi sonrakı illərdə yeni uşaq kinosu əsərlərinin yaranmasında uğurlu rol oynadı. Əsası hələ 1898-ci ildə qoyulmuş Azərbaycan kino sənətinin görkəmli nümayəndələri tərəfindən 1898-1937-ci illər ərzində ölkəmizdə istehsal olunmuş “Neft və milyonlar səltənətində”, “Qız qalası”, “Bismillah”, “Gilan qızı”, “Hacı Qara”, “Vulkan üzərində ev”, “Sevil”, “Lətif”, “İsmət”, “Məhəbbət oyunu”, “Almaz”, “Dəcəl dəstə” və başqa filmlərimizdə kinematoqrafik nəql formaları inkişaf etdirilib cilalanmış, mükəmməl, qiymətli irs kimi sonrakı nəsillərə ötürülmüşdür.
    1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzdakı yeni keyfiyyət dəyişikliyinin xəbərçisi, eyni zamanda milli ruhu özündə qoruyub yaşadan filmlərin bünövrə daşı olmuş, SSRİ dövründə ilk Dövlət Mükafatına layiq görülən ekran əsəri kimi tarixə yazılmışdır.
    1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir. Bu gün də sevilə-sevilə baxılan ilk rəngli film –“O olmasın, bu olsun” bədii filmi ekranlaşdırılır. Bu kinokomediya 40-dan çox ölkədə, o cümlədən Türkiyə, İran, Hindistan, Çin, Yaponiya və başqa ölkələrdə nümayiş olunmuş və Azərbaycan kinosunun şöhrətini artırmışdır.
    1970-ci illərdə Azərbaycan kinosunun inkişafında yeni mərhələ başlamışdır. İncəsənətin bütün sahələri kimi, milli kinomuzun inkişafı ilə yaxından maraqlanan Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq kinomuz yeni inkişaf yoluna qədəm qoymuş, vaxtilə ekranlara buraxılmayan filmlər Onun təşəbbüsü ilə ekrana çıxmışdır. Məhz bu dövrdən başlayaraq respublikamızda yeni kinoteatrlar tikilmiş, kadrların hazırlanması işinə başlanılmışdır. Dahi lider ilk olaraq kinoşünaslara kino tarixinin araşdırılması ilə ciddi məşğul olmağı tapşırmışdı. Kinoşünasların arxiv sənədlərini araşdırarkən Azərbaycan kinosunun tarixinin heç də 1916-cı ilə deyil, əslində, dünya kinosunun yaranma tarixindən cəmi iki il yarım sonraya – 1898-ci ilə aid olduğunu sübut etmişlər. Tariximizin bir çox mərhələlərini kinoda əks etdirməyin bu günümüz və gələcəyimiz üçün çox gərəkli olduğunu həmişə vurğulayan Ulu Öndərin himayədarlığı və təşəbbüsü ilə kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəlmiş, “İstintaq”, “Bir cənub şəhərində” kimi onlarla ekran əsəri Onun dönməz iradəsi nəticəsində sovet senzurasından keçməklə izləyici qarşısına çıxa bilmişdir. “Kino bizim xalqımızın salnaməsidir”, – deyən Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə milli kino sahəsi Onun  yüksək qayğısından bəhrələnmiş, kinematoqrafiya sahəsində çalışan insanların sosial müdafiəsi gücləndirilmiş, onlara fəxri adlar, mükafatlar, Prezident təqaüdləri verilmişdir.
    1970-1980-ci illərdə Azərbaycan kinosu, sözün əsl mənasında, öz intibah dövrünü yaşamış, bu  illər Azərbaycan kinosunun  qızıl dövrü olaraq yaddaşlara yazılmışdır. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal edilmişdir. 
    Müstəqillik illərində milli kinomuzun inkişafına xüsusi diqqət yetirilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi də dahi rəhbərin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il iyulun 3-də “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bununla da dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 22 dekabr 1993-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Film Fondu yaradılmış və filmlərin qorunması təmin edilmişdir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında 2019-cu il 11 may tarixli Qərarına əsasən “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq olunmuş, “Sevil ”, “Lətif ”, “İsmət”, “Mavi dənizin sahilində”, “Almaz”, “Bakılılar”, “Kəndlilər”, “Səbuhi”, “Bir ailə”, “Arşın mal alan” və “Görüş”  filmləri dövlət varidatı hesab edilən filmlərin Siyahısına daxil edilmişdir.
    Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli Sərəncamına əsasən “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazası gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. 
    Bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın himayədarlığı ilə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, mötəbər kino, sənət tədbirlərində nümayiş olunur, mükafatlara layiq görülür. İnanırıq ki, 44 günlük şanlı zəfərimizlə bitən Vətən müharibəsi, qəhrəman oğulların dünya hərb tarixinə düşən misilsiz fədakarlığı  milli kinematoqrafiya sahəsinə də təsirsiz ötüşməyəcək, tarixi zəfərimizi mavi ekranlara daşıyıb, dünyanın sənət sərgilərinə çıxaran ölümsüz filmlər yaranacaqdır.
    Müstəqillik illərində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər son illər ərzində onlarla beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür. “Nabat”, “Çölçü”, “Buta”, “Axınla aşağı”, “Axırıncı dayanacaq”, “Qırmızı bağ”, “Dəyərli adlar”, “Yarımçıq xatirələr”, “Qala”, “40-cı qapı”, “Qisas almadan ölmə”, “Sahə”, “Aktrisa”, “Xeyirlə Şərin rəqsi”, “Dərvişin qeydləri” və başqa filmlərimiz son dövrlərdə Azərbaycan kinosunun mövzu və sənət axtarışlarından xəbər verir.
    Hər bir azərbaycanlının uşaqkən böyük heyranlıqla izlədiyi, bu gün də sevilə-sevilə baxılan, Azərbaycan kinosunun önəmli bir qolunu təşkil edən uşaq filmləri ictimai məzmunu və mənəvi-əxlaqi, eləcə də milli dəyərlərin təbliği baxımından öz əhəmiyyətini qorumaqdadır. “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şərikli çörək”, “Qaraca qız” bədii filmləri, “Cırtdan”, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Cücələrim”, “Göyçək Fatma” və başqa cizgi filmləri uşaqlarımızın estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan ekran əsərləridir.
    Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov kimi sənətkar­ların əvəzsiz xidmətləri olmuşdur. Unudulmaz filmlərimiz sayılan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvanda aparılmışdır. 
    Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərur və  Şahbuz şəhərlərində “Bahar”, “Araz” kinoteatrları, rayon mərkəzlərindəki mədəniyyət sarayları yenidən qurulmuş, ən müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir.
    2000-ci ildən Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan Naxçıvan Dövlət Film Fondu 2006-cı ildən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində müstəqil qurum kimi fəaliyyət göstərir. Film fondunda 5000-ə yaxın film saxlanılır. Fondda yaradılan Heydər Əliyev auditoriyası Ümummilli Liderimizin çoxşaxəli fəaliyyətinə həsr olunub. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər və 100-dən çox Azərbaycan filminin rejissor ssenarisi və montaj vərəqələri mühafizə olunur. Eyni zamanda fondda yaradılmış “Kino muzeyi”ndə müxtəlif illərdə ekranlaşdırılmış filmlərin çəkilişi zamanı istifadə olunmuş geyim, silahlar, papaq və dəbilqələr, müxtəlif məişət əşyaları və butaforiyalar, musiqi alətləri, kinoaparatlar, kino və fotokameralar ilə də tanış olmaq imkanı mövcuddur. Fond tərəfindən mütəmadi olaraq ssenari, çarx və qısa filmlər müsabiqələri təşkil olunur, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında milli kinomuzun təbliği və tanıdılması, onların asudə vaxtlarını səmərəli təşkili məqsədilə müxtəlif kinoviktorinalar keçirilir, fondda cizgi və bədii filmlərin nümayişi təşkil edilir. Fondun arxivinin zənginləşdirilməsi diqqətdə saxlanılır.
    Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş, dünya kino mədəniyyətinə layiqli töhfələr vermişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Mən əminəm ki, Azərbaycan kinematoqrafiyasının sabahı daha uğurlu və parlaq olacaq, milli ənənələrimizdən bəhrələnən kino sənətimiz dünya mədəniyyətində özünə layiqli yer tutacaqdır”.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti