5 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında “Müəllimlər Günü”nə həsr olunmuş “Müəllim keçmişin əmanətçisi, gələcəyin qurucusu” adlı konsert proqramı təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Nazirliyin İncəsənət və təhsil müəssisələrilə iş şöbəsinin müdiri Həcərxanım Məmmədova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun qazandığı Zəfərdən, uğurla nəticələnən lokal xarakterli antiterror əməliyyatından, qəhrəman şəhidlərin və qazilərin şərəf dolu döyüş yolundan bəhs edib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini və son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb.O da diqqətə çatdırılıb ki, təhsil sahəsində əldə olunmuş uğurlar Ölkə Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir. Həcərxanım Məmmədova şəhid ailələrindən olan müəllimləri başda olmaqla bütün Azərbaycan müəllimlərini "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə təbrik edib.
Daha sonra tədbirin bədii hissəsində Nazirliyin tabeliyində olan Uşaq Musiqi Məktəblərinin müəllimləri tərəfindən Vasif Adıgözəlovun – “Qərənfil”, Səid Rüstəmovun – “Hardasan”, Hacı Xanməmmədovun “Yaşa könül”, Edith Piafın – “La foule” və digər musiqi nümunələri ifa edilib.
Konsert tamaşaçılar tərəfindən alqışla qarşılanıb.