Aprelin 27-də Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin tar ixtisası üzrə IV-cü sinif şagirdi Murad Babazadənin solo konserti keçirilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-illiyinə həsr olunmuş konsert Naxçıvan Şəhər Gənclik Mərkəzində baş tutub.
Muxtar respublikanın incəsənət nümayəndələrinin, musiqi məktəblərinin müəllim və şagirdlərinin qatıldığı tədbirin aparıcısı bildirib ki, gənc tarzən 2020-ci ildə Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar ixtisası üzrə I sinfinə daxil olub. Əməkdar mədəniyyət işçisi Əbülfəz Rzayevdən sənətin sirrlərini öyrənən 14 yaşlı Murad Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında keçirilən baxış müsabiqəsində I yerə layiq görülüb. Həmçinin,ötən il ölkəmizdə ilk dəfə keçirilən Uşaq İncəsənət Festivalında muxtar respublikanı uğurla təmsil edib.
Konsert görkəmli bəstəkar Səid Rüstəmovun əsərinin ifası ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimovanın konsertmeysteri olduğu musiqi şölənində ifaçını Üzeyir Hacıbəyli “I fantaziya” II-hissəni ifa etdiyi zaman musiqi məktəbinin fortepiano ixtisası üzrə VI-cı sinif şagirdi Fatimə Hüseynzadə müşayiət edib. İstedadlı tarzənin bir-birinin ardınca ifa etdiyi Süleyman Ələsgərovun “Vətənimdir”, Səid Rüstəmovun “Oxu tar”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Tofiq Bakıxanovun “Görüş yerimiz”, Jorj Bizenin “Karmen” operasından “Üvertüra”,Tofiq Quliyevin “Qaytağı” və “Çahargah” muğamı tamaşaçıların gur alqışları ilə qarşılanıb.