Fevralın 8-də Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illinə həsr edilmiş interaktiv dərs keçirilib. “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda keçirilən dərs muzeyin bələdçisi Nərmin Əmirova tərəfindən aparılıb. İnteraktiv dərs muxtar respublikanın 100-dən artıq ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.
Dərs zamanı muzeydə Azərbaycanın dövlətçilik tarixinə, o cümlədən Naxçıvanın tarixinə aid dövlət və döyüş bayraqları, xəritələr, sənədlər, fotolar, kitab və jurnallar haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, bu il ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür. Ölkə Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda da vurğulandığı kimi, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb.