Muzey əməkdaşları üçün növbəti seminar-treninq keçirilib
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Qumral Əsədova qeyd edib ki, artıq muzeylərimizdə seminar-treninqlərin keçirilməsi ənənəvi hal almışdır. Bu seminar-treninqlər həm muzey əməkdaşlarının peşə biliklərinin artırılması, həm muzey əməkdaşlarının bütün muzeyləri daha yaxından tanıması kimi məqsədlərə xidmət edir.
Bildiyimiz kimi muzeylər xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirən mədəniyyət ocaqlarıdır. Burada minilliklərdən keçib gəlmiş maddi-mədəniyyət nümunələri, tanınmış şəxsiyyətləri daha yaxından tanıtmaq və təbliğ etmək üçün xatirə əşyaları, Azərbaycan xalqının tarixini, mədəniyyətini, incəsənətini və dünyagörüşünü tamaşaçıya çatdıran minlərlə eksponat qorunub saxlanılır, nümayiş olunur. Muxtar respublikmazıda 29 muzey və 1 rəsm qalereyası fəaliyyət göstərir. Təkcə cari ilin 8 ayında muzeyləri 250 min 476 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 53 mindən çoxu əcnəbi qonaqlar olmuşdur.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva cəmiyyətin inkişafında, maddi-mənəvi irsin qorunub saxlanmasında, xalqın qədim tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğ edilməsində muzeylərin rolundan və tarixindən danışıb. Vurğulanıb ki, 30 muzey və muzeytipli müəssisənin fəaliyyət göstərdiyi Naxçıvanda muzeylərin fəaliyyəti, fondların zənginləşdirilməsi, muzey xidmətinin, muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili, bələdçilərin hazırlıq səviyyəsi daim diqqətdə saxlanılır.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.