Muzey əməkdaşları üçün növbəti seminar-treninq keçirilib.
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində muzey əməkdaşları üçün növbəti seminar-treninq keçirilib.
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Qumral Əsədova qeyd edib ki, seminar-treninqlər həm muzey əməkdaşlarının peşə biliklərinin artırılması, həm də muzey əməkdaşlarının bütün muzeyləri daha yaxından tanıması kimi fürsətlər yaradır.
Muzeylərdə minilliklərdən keçib gəlmiş maddi-mədəniyyət nümunələri, tanınmış şəxsiyyətləri daha yaxından tanıtmaq və təbliğ etmək üçün xatirə əşyaları, Azərbaycan xalqının tarixini, mədəniyyətini, incəsənətini və dünyagörüşünü tamaşaya çatdıran minlərlə eksponat qorunub saxlanılır və nümayiş olunur. Muzey əməkdaşlarına tövsiyə və tapşırıqlar verilərək qeyd edilmişdir ki, bu eksponatları qorumaq, mühafizə etmək, onlar haqqında ətraflı məlumatları tamaşaçıya dolğun şəkildə çatdırmaq daha çox ekskursiyaçı və muzey baxıcılarının üzərinə düşür.
Kompleksin direktoru Rəhim Rəhimov çıxış edərək vurğulamışdır ki, Naxçıvanda muzeylərin fəaliyyəti, fondların zənginləşdirilməsi, muzey xidmətinin, muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili, ekskursiyaçıların hazırlıq səviyyəsi daim diqqətdə saxlanılır.
Sonra Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizəçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova "Muzey əməkdaşlarının peşə biliklərinin artırılmasında peşəkar əməkdaşların rolu" mövzusunda çıxış etmişdir.
Sonda mövzu ilə bağlı suallar cavablandırılmış ekskursiyaçı Jalə Mirzəyevanın təqdimatında ekspozisiyalara ekskursiya təşkil edilmişdir.