"Muzeylərdə açıq dərslərin təşkili metodikası" mövzusunda muzey əməkdaşları üçün növbəti seminar - treninq keçirilib
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində "Muzeylərdə açıq dərslərin təşkili metodikası" mövzusunda muzey əməkdaşları üçün növbəti seminar - treninq keçirilib.
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədova qeyd edib ki, muzeylərdə keçirilən seminar - treninqlər muzey əməkdaşlarının peşə biliklərinin artırılması üçün yeni zəmin yaradır. Eyni zamanda o, muzeylərdə keçirilən açıq dərslərin mahiyyətini vurğulayaraq əlavə etmişdir ki, muzeylərlə məktəblər arasında sistemli və davamlı əməkdaşlıq qurulması müasir təhsilin strareji istiqamətlərindən biridir.
Muzeyin direktoru Tünzalə Dilanova çıxış edərək bildirmişdir ki, məktəblilərin cəmiyyətimizdə formalaşmasında muzeylərdə keçirilən açıq dərslərin rolu böyükdür. Açıq dərslər təkcə fənn bilikləri ilə bağlı məlumat ötürücüsü rolu ilə kifayətlənmir, onlar şagird məsuliyyətinin və şagird şüurunun formalaşmasına da töhfə verir. O, qeyd edib ki, muzeylərdə açıq dərslərin təşkili metodikası muzey mühitində şagirdlər üçün planlı, məqsədli və interaktiv şəkildə keçirilən tədris prosesinin elmi - pedaqoji əsaslarına uyğun qurulmalıdır.
Sonda muzeyin ekskursiyaçısı Fəridə Əliyeva qonaqları muzey ekspozisiyası ilə yaxından tanış edib.