Oktyabrın 29-da Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Qars şəhərində Azərbaycan Respublikasının buradakı Baş Konsulluğunun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə konsert proqramı ilə çıxış edib.
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” ilə başlayan konsertdə bir sıra bəstəkar və xalq mahnıları təqdim edilib. Prezident mükafatçısı Cahangir Qurbanovun dirijor olduğu musiqi şölənində Filarmoniyanın solisti Vəli Səfərovun ifasında “Kor ərəbin mahnısı” və “Çırpınırdın, Qara dəniz” əsərləri, Prezident mükafatçısı Nurlan Nuriyevin kamançada və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin tarda solo ifaları, düetləri türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert “Sarı gəlin” xalq mahnısının ifası ilə sona çatıb.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
30.10.2023