Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin kino musiqilərindən ibarət möhtəşəm konserti keçirilib
Heydər Əliyev Sarayında baş tutan konsertdə dünyaca məşhur “Şindlerin siyahısı”, “1492: cənnətin fəthi”, “Taxt-tac oyunu”, həmçinin Azərbaycan istehsalı olan “Babək”, “Güllələnmə təxirə salınır”, “Sehirli xalat” kimi filmlərdən musiqilər səsləndirilmişdir. Bunlarla yanaşı, Prezident mükafatçısı İlkin Abdullayevin ifasında “Nizami” filmindən Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Prezident mükafatçısı Sahil Qasımov tərəfindən “Xaç atası” filmindən, beynəlxalq müsabiqələr laureatı Emin Hüseynovun ifasında Çarli Çaplinin “Müasir zamanlar” filmindən “Gülümsə”, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli İncəsənət Məktəbinin müəllimi Aysel Eminlinin ifasında ölkədə ilk dəfə olaraq pan fleyta alətində “Billi öldürməli” filmindən “Tənha çoban” musiqi nömrələri də təqdim olunub.
Konsertdə Simfonik Orkestrin ifasında səslənən musiqilərlə yanaşı Naxçıvan Dövlət Film Fondu tərəfindən hər bir film üçün hazırlanmış videoroliklər nümayiş olunub.
Qeyd edək ki, orkestrin bədii rəhbəri və dirijoru Cahangir Qurbanovdur.